İsveçrə qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub

İsveçrə qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub
# 15 aprel 2016 18:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “20 ildir ki, Ermənistanla Azərbaycan arasında baş verən toqquşmalar gündəlik həyatın bir parçasına çevrilib. Bu münaqişədə atəşkəs barədə razılaşma olsa da, sülh müqaviləsi isə yox idi. Münaqişə bölgəsində yaranan yeni vəziyyət isə davamlı sülh müqaviləsinin zəruriliyini ortaya qoyub”.

APA-nın xəbərinə görə, bu barədə İsveçrənin "Nordwestschweiz" qəzetində yer almış “Cənubi Qafqazda Şərq və Qərbin maraqları toqquşur” başlıqlı yazıda deyilir.

Yazının müəllifi Andre Vidmer Dağlıq Qarabağ münaqişəsinin yaranması tarixindən bəhs edir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayonun Ermənistan tərəfindən işğal edildiyini önə çəkir. Qeyd olunur ki, erməni işğalına son qoyulması ilə bağlı çoxsaylı BMT qətnamələrinə baxmayaraq, vəziyyət hələ də dəyişməyib.

Müəllifin qənaətinə görə, xristian Ermənistan və müsəlman Azərbaycan arasındakı münaqişə dini deyil, etnik-milli təməllərə söykənən münaqişədir. “Regionda super güc olan Rusiya, İran və Türkiyənin maraqları toqquşur. Rusiya Ermənistanı qoruyan əsas gücdür, Moskva Türkiyə sərhədi yaxınlığında hərbi baza yerləşdirib. Bununla Rusiya Cənubi Qafqaz regionuna təsir etmək istəyir. Türkiyə və Azərbaycan isə qardaş millətlərdir və dilləri olduqca bənzərdir. Azərbaycanın nefti və qazı Türkiyə limanlarına ötürülür. İranın Ermənistanla yüksək səviyyədə iqtisadi münasibətləri mövcuddur, bu ölkəni enerji və yanacaqla təchiz edir. Regionda yaranan yeni vəziyyətdə İran hərbi qarşıdurmaya son qoymağa çağırıb və hər hansı bir ölkənin tərəfini tutmaqdan yayınıb. Bu hər şeyi aydın göstərir, bölgədə iri güclərin maraqları toqquşur. Nəyə görə müharibəyə ara verilib? Bu barədə yalnız spekulyasiyalar mövcuddur. Nəzərə çarpan odur ki, mütəmadi vacib diplomatik görüşlər güc tətbiqini dayandırdı. Mümkündür ki, ən azı, münaqişə tərəflərindən biri bu yolla beynəlxalq ictimaiyyətin marağını qaytarmaq istəyirdi.

Beynəlxalq ictimaiyyət də münaqişənin həll olunmamasına səbəbkardır. Çünki bu barədə heç maraq göstərməmiş, tərəflərə siyasi və iqtisadi təzyiq göstərməyə cəhd etməmişdir. Erməni diasporu Fransa və ABŞ kimi ölkələrdə çox güclüdür. Azərbaycana gəldikdə isə, Qərb ölkələri ilə yüksək səviyyədə iqtisadi-ticarət əlaqələri mövcuddur. Çünki ölkə neft və qaz ehtiyatları ilə zəngindir. ATƏT-in cəhdləri isə Ukraynada olduğu kimi çox təsirsizdir. Rusiya keçmişdə münaqişəni həll etmək gücünə sahib idi. Amma Rusiya münaqişəni qaynar vəziyyətdə saxlamağı seçdi. Bir çox səbəbdən o, münaqişənin bu həddə çatmasına icazə verməməliydi. Rusiya və Türkiyənin münasibətləri Suriya müharibəsinə görə soyuyub və bu səbəbdən qonşu ölkədə yeni münaqişənin alovlanmasında maraqlı deyil. Azərbaycanın siyasi rəhbərliyi isə neft və qaz gəlirləri sayəsində əldə etdiyi yüksək inkişafı riskə atmaq istəmir”,-deyə müəllif əlavə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR