Bakı Olimpiya Stadionuna verilən “İlin Ən Yaxşı İdman Qurğusu” mükafatı SOCAR-a təqdim edilib

Bakı Olimpiya Stadionuna verilən “İlin Ən Yaxşı İdman Qurğusu” mükafatı SOCAR-a təqdim edilib
# 18 sentyabr 2015 14:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sentyabrın 10-da Nyu-Yorkda keçirilmiş təntənəli mərasimdə inşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalının (ENR) “İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsinin mükafatları təqdim olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin “İdman və Əyləncə Qurğuları” nominasiyasında qalib olmuş Bakı Olimpiya Stadionunun layiq görüldüyü mükafat SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlova, layihənin məsul mühəndislərinə, həmçinin struktur üzrə layihəçi Thornton Tomasetti şirkətinin, əsas layihəçi “Heerim Architects and Planners” şirkətinin və podratçı “Tekfen İnşaat və Təchizat” şirkətinin nümayəndələrinə təqdim edilib.

Mərasimdə dünyanın müxtəlif yerlərində inşa olunmuş və digər nominasiyalarda qalib gəlmiş layihələrin sifarişçi, layihəçi, idarəetmə və podratçı şirkətlərinin nümayəndələri iştirak ediblər.

Xəbər verildiyi kimi, bu ilin avqustunda Bakı Olimpiya Stadionu ENR jurnalı tərəfindən “İdman və Əyləncə Qurğuları” nominasiyasında “İlin Ən Yaxşı Layihəsi” elan edilib. ENR jurnalının dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirmiş, eyni zamanda layihəni həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi nəzərə alınıb. Builki müsabiqədə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil və turizm obyektləri, sənaye əhəmiyyətli tikililər də yer alıb.

Jurnalın sentyabr sayında müsabiqənin bütün mükafatçıları, o cümlədən Bakı Olimpiya Stadionu haqqında ətraflı məlumat dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR