Milli Məclis Hesablama Palatasının 2015-ci il üzrə hesabatını qəbul edib

Milli Məclis Hesablama Palatasının 2015-ci il üzrə hesabatını qəbul edib
# 15 aprel 2016 11:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "2015-ci il dünya iqtisadiyyatında tərəddüdlərin baş verdiyi il kimi yadda qalıb. Buna görə dünya ölkələri daha qənaətli büdcə siyasəti həyata keçirib".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatasının 2015-ci il üzrə hesabatı”nın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya iqtisadiyyatında böhrana baxmayaraq ötən il ölkə iqtisadiyyatı daha az zərərlə çıxıb.

V. Gülməmmədov bildirib ki, ötən il Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət məqsədi ilə 81-i audit, 1-i analitik təhlil olmaqla 82 nəzarət tədbiri həyata keçirib, 1 nəzarət tədbiri isə növbəti ilə keçirilib, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə nəzərdə tutulmuş nəzarət tədbirlərinin hamısı il ərzində həyata keçirilib. Bundan əlavə hesabat ilində 2014-cü il üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb.

“Hesabat ilində nəzarət tədbirlərindən 78-i dövlət büdcəsinin gəlir və xərclərini, 4-ü büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini, 24-ü Naxçıvan Muxtar respublikasının büdcəsini əhatə edib. Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri 4 mlrd. 177,8 mln. manat məbləğində vəsaiti əhatə edib. Qeyd edək ki, 2014-cü il ilə müqayisədə nəzarət tədbirlərinin sayı eyni olsa da, 2015-ci ildə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3% çox olub. Təhlil hesabat ilində cəmi əhatə olunmuş vəsaitin 46,6%-ni cari xərclər, 53,4%-nin isə əsaslı xərclərdən ibarət olduğunu göstərir. Cari xərclərin tərkibində əməktutmlu xərclərin xüsusi çəkisi 43,6% təşkil edib. 2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9%-i mərkəzləşdirilmiş, 9,1%-i isə yerli xərclər üzrə olub”, - deyə V. Gülməmmədov vurğulayıb.

Onun sözlərinə görə, 2015-ci ilin iş planına uyğun başa çatdırılmış və qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 mln. 496,1 min manat, dövlət büdcəsinin xərcləri ilə bağlı 4170 min manat məbləğində vəsait, həmçinin 39,5 min avro dövlət büdcəsinə bərpa edilib: “Əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Baş Prokurorluğa göndərilmiş materiallar üzrə 1055 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib. Beləliklə, hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 mln. 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib”.

Hesabat ilində dövlət büdcəsinə vəsaitlərin bərpası ilə yanaşı, 377,8 min manat məbləğində maliyyələşmənin azaldılmasına nail olunub ki, bu da dövlət vəsaitlərinin qənaətli istifadəsini təmin edib.

V. Gülməmmədov qeyd edib ki, vəsaitlərdən təyinatı üzrə istifadə olunmaması ilə bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilməkdədir.

Palata hesabat ilində müvafiq təhlillərin nəticələri ilə bağlı məlumatları, həmçinin büdcə prosesinin təkmilləşdirilməsi üzrə 16 istiqamətdə 40-dan çox təklifi, eyni zamanda tərtib etdiyi rəylərdə çoxsaylı təklif və tövsiyələrini Milli Məclisə təqdim edib.

Hesablama Palatasının ötən il üzrə hesabatının təqdimatından sonra müzakirələr başlayıb. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Hesablama Palatasının apardığı audit nəticəsində səhiyyə müəssisələrində 100-lə vakant iş yerləri var: “Azərbaycanda Səhiyyə ocaqlarını bitirən yüzlərlə məzun var. Səhiyyə işçiləri bu vakant yerlərə işçi cəlb edilməkdənsə, vakant yerlər mövcud tibb heyəti arasında bölüşdürülür. Cənab prezident də dəfələrlə çıxışında vurğulayıb ki, ölkədə yeni iş yerləri yaradılmalıdır. Bu baxımdan vakant yerlərin mövcud tibb personalı arasında bölüşdürülməsini düzgün hesab etmirəm. Hesablama Palatasının qaldırdığı bu məsələyə çox ciddi yanaşılmalıdır”.

Q. Paşayeva əlavə edib ki, ölkədə valideyn himayəsindən məhrum olmuş uşaqların ali məktəbə təhsil haqqının ödənişlərdən azad edilməsi ilə bağlı qanun qəbul edilib: “Qanunda bu yaş həddi 18-23 yaş göstərilib. Amma bəzi hallarda belə uşaqlar ali məktəbə 1-2 ildən sonra qəbul edilir. Buna görə də onlar 1, 2, 3-cü kursda ödənişdən azad edilir. Amma növbəti illərdə ödəniş etməli olur. Bu məsələyə baxılmasını təklif edirəm”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası tərəfindən sistemli nəzarət həyata keçirilir: “Büdcə vəsaitinin 5 mlrd. manatlıq hissəsinə Hesablama Palatası nəzarət edir. Mən hesab edirəm ki, Hesablama Palatasının hesabatında dövlət büdcəsinin xərcləri üzrə ilə bağlı yol verilən nöqsanları maddələr üzrə bölüb. Bu isə nöqsanların aradan qaldırılmasına imkan verir”.

Millət vəkili Vahid Əhmədov isə nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilən 10 mln. vəsaitin az olduğunu diqqətə çatdırıb: “Hesablama Palatası çox ciddi nöqsanlar aşkar edir. Palatanın apardığı yoxlamalar nəticəsində çox ciddi problemlərin olduğu məlum olub. İndiki vəziyyəti nəzərə alaraq hesab edirəm ki, Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır”.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR