BANM-da yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib

BANM-da yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib
# 15 sentyabr 2016 10:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı Ali Neft Məktəbində (BANM) 2016/2017-ci tədris ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib.

APA-Economics” xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, o cümlədən SOCAR-ın vitse-prezidentləri və struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan BANM-in rektoru Elmar Qasımov 2016/2017-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış tələbələri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor E. Qasımov bildirib ki, bu il ali məktəblərə I qrup üzrə keçirilən qəbulda BANM üzrə ümumi orta göstərici 667 bal olub. O, I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 2 tələbənin məhz bu ali təhsil müəssisəsinə daxil olduğunu deyib.

Rektor Prezident İlham Əliyevin BANM-in yaradılması haqda fərmanını vurğulayaraq Ali Məktəbin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin reallaşması istiqamətində bariz nümunə olduğunu deyib. E. Qasımov Heydər Əliyevin fərmanı ilə təsis edilmiş qarşıdan gələn “20 sentyabr-Neftçilər günü” münasibəti ilə də bütün Azərbaycan neftçilərini ürəkdən təbrik edib və BANM-in tələbələrinin gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi bu sahəyə öz töhfələrini verəcəyindən əminliyini ifadə edib. E. Qasımov bu il BANM-ə qəbul olan 18 tələbənin Prezident təqaüdçüsü adına layiq görüldüyünü də qeyd edib.

Tədbirdə çıxış edən SOCAR prezidenti R. Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. SOCAR prezidenti Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan ali məktəbin qısa müddət ərzində infrastrukturunun, yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirib. R. Abdullayev BANM-də 2016/2017-ci tədris ilində bu işlərin davam etdiriləcəyinə, ali məktəbin fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə edib. O, BANM-ə yeni qəbul olmuş tələbələri və onların valideynlərini təbrik edib.

BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Q. Birrell öz növbəsində Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkət arasında ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Q. Birrel BANM-in yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirib. O, hər il ali məktəbin tələbələrinin BP-nin layihələrində uğurla iştirak edərək I yeri qazandıqlarını qeyd edib.

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına 700 bal toplayaraq daxil olan tələbə Rəvan Nəzərəliyev çıxış edərək ali məktəbin tələbəsi adını qazandığı üçün fəxr etdiyini və sevinc hissi keçirdiyini bildirib. O, deyib ki, BANM-ə qəbul olmaq onun ən böyük arzusu olub və o, bu arzusuna çatmasından çox məmnundur. O, yüksək səviyyədə təhsil üçün BANM-də yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olmuş ilk əcnəbi tələbə, Hindistan vətəndaşı Entoni-Mario Suares çıxış edərək, bu Ali Məktəbi beynəlxalq səviyyəli bir təhsil ocağı kimi seçdiyini və burada təhsil almasından sevinc hissi keçirdiyini deyib.

BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi, BP-nin “Texno Fest” layihəsinin qalibi Elşən Mikayılov BANM-də tələbələrin həm təhsil alması, həm də sosial inkişafı üçün görülən işlərdən söz acdı və qazandığı uğurda BANM-in adının və professor-müəllim heyətinin əməyi olduğunu bildirib. O, BANM-də tələbələr üçün yaradılan geniş imkanların sayəsində bu uğuru qazandığını qeyd edib. Elşən Mikayılov SOCAR-ın rəhbərliyinə və BANM-in rəhbərliyi və professor-müəllim heyətinə təşəkkür edərək, bu il qəbul olmuş tələbələrə burda yaradılan şəraitdən bəhrələnməyi arzu edib.

BANM-də təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyevin və bu il 700 bal toplamış tələbə R. Nəzərəliyevin və 685 bal toplamış Nurlan Nəzərəliyevin atası Rauf Nəzərəliyev valideynlər adından çıxış edərək sevincinin böyük olduğunu və övladlarının məhz bu Ali Məktəbin tələbəsi adını qazandıqları üçün qürur hissi keçirdiyini bidirib. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından məmnunluq ifadə edən valideyn bu il qəbul olan bütün tələbələrə təhsildə uğurlar arzulayıb. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən uğurlu təhsil islahatlarına görə təşəkkürünü ifadə edib. R. Nəzərəliyev SOCAR rəhbərliyinə, o cümlədən BANM-in rəhbərliyinə ailəsi adından təşəkkür edib.

Tədbirin sonunda 2016/2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrinə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR