Naxçıvanda yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi qaydası müəyyənləşib

Naxçıvanda yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi qaydası müəyyənləşib
# 27 oktyabr 2015 09:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası ərazisində yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qayda mülkiyyət formasından asılı olmayaraq, AZS Milli Sertifikatlaşdırma Sistemində Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditə edilmiş yeyinti məhsullarının sertifikatlaşdırılması üzrə orqanlar, həmçinin Sistemin üzvləri, iştirakçıları və sahibkarlıq fəaliyyətinin subyektləri olan (o cümlədən xarici) idarə, müəssisə və təşkilatlar üçün məcburidir.

Sertifikatlaşdırma qüvvədə olan və insan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinə dair normativ sənədlərin məcburi tələblərinə, qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu göstərilməyən idxal olunan məhsul üçün isə qüvvədə olan sanitariya-gigiyena normalarının tələblərinə uyğunluğu baxımından aparılır. Yeyinti məhsullarının sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə müvafiq orqana sifariş verir. Sertifikatlaşdırma üzrə bir neçə akkreditə edilmiş orqan olduqda, sifarişçi sifarişi öz seçiminə görə həmin orqanlardan hər hansı birinə göndərə bilər, belə orqan olmadıqda isə sifariş Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilir və sifariş daxil olduğu gündən qeydə alınır. Sənədlərin təhlili müsbət nəticələndikdə, sertifikatlaşdırma üzrə orqan 10 gün müddətində məhsulun sertifikatlaşdırılmasının əsas şərtlərini əks etdirən qərar qəbul edir. Sertifikatlaşdırma sınaqlarının nəticələri bir göstərici üzrə mənfi olduqda, sınaqlar dayandırılır və bu barədə sifarişçiyə sertifikatın verilməsindən imtinanın səbəblərini göstərməklə, sifarişin daxil olduğu tarixdən 15 gün müddətində yazılı məlumat verilir, nəticələr müsbət olduqda isə sifarişçiyə uyğunluq sertifikatı verilir.

Naxçıvan Muxtar Respublikasında istifadə olunan məhsula başqa ölkələrin sertifikatlaşdırma üzrə orqanlarının verdikləri sertifikatların tanınması haqqında qərarı sifarişçinin müraciəti əsasında konkret məhsulun sertifikatlaşdırılması üzrə orqanın təklifi ilə Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qəbul edir. Xarici uyğunluq sertifikatlarının tanınmasını aparan orqan məhsulun əlavə sınaqlarının aparılması və ya istehsalatın sabitliyinin yoxlanılması barədə qərar qəbul edə bilər.

Yeyinti məhsullarına sertifikat verən orqan sertifikatı yalnız sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, sertifikat sahibi tərəfindən normativ sənədlərin tələblərinə əməl edilmədikdə, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran hallar aşkar edildikdə, məhkəmənin müvafiq qərarı olduqda, hüquqi şəxs ləğv edildikdə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda ləğv edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR