Ramil Usubov İran daxili işlər naziri ilə görüşüb

Ramil Usubov İran daxili işlər naziri ilə görüşüb
# 03 oktyabr 2016 16:12 (UTC +04:00)

Bakı - APA. Daxili işlər naziri Ramil Usubovun dəvəti ilə İran daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Azərbaycana rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov İran nümayəndə heyətini qəbul edib. Avqust ayında Bakıda üçtərəfli Azərbaycan-İran-Rusiya yüksək səviyyəli sammitinin keçirildiyini xatırladan nazir belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını söyləyib. Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ilinin tamam olacağını nəzərə çatdıran R. Usubov Ermənistanın hərbi təcavüzü və onun doğurduğu nəticələr barədə danışıb.

İran daxili işlər naziri Ə. R. Fəzli isə deyib ki, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik iki ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. İstənilən inkişafın təməlində sabitlik amilinin dayandığı barədə həmkarının mövqeyini bölüşən Ə. R. Fəzli İran və Azərbaycandan fərqli olaraq, regionda qeyri-sabit situasiyanın hökm sürdüyünü qeyd edib. Qonaq istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin bölgədəki vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR