Vəkil Adəm Məmmədovun həmkarına qarşı qaldırdığı 1 manatlıq iddia icraata verilib

Vəkil Adəm Məmmədovun həmkarına qarşı qaldırdığı 1 manatlıq iddia icraata verilib
# 07 mart 2016 11:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Adəm Məmmədovun həmkarı Elçin Sadıqova qarşı qaldırdığı məhkəmə iddiası icraata verilib. A. Məmmədovun vəkili Xalidə Abdullayeva APA-ya bildirib ki, iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovun icraatındadır. Yaxın günlərdə iddia əsasında məhkəmə prosesi başlayacaq.


Qeyd edək ki, bir müddət əvvəl iki vəkil arasında qalmaqal yaşanıb. Elçin Sadıqov həmkarı Adəm Məmmədovla bağlı Vəkillər Kollegiyasına və digər qurumlara müraciət edib. E. Sadıqov APA-ya bildirmişdi ki, Adəm Məmmədov vəkil etikasına yaraşmayan hərəkətlərə yol verir: “Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib cəzasını çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Cinayət işi üzrə zərərçəkənlərdən biri mənim anam - Həsənova Sahibə Mahmud qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən vəkil Adəm Məmmədov zərərçəkən anamdan, mənim başqa yaxınlarımdan, mənim adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır. O, mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr yayır ”.

A. Məmmədov isə bildirmişdi ki, Elçin Sadıqovun dediklərinin əsası yoxdur və həmkarı tərəfindən şəxsiyyəti, fəaliyyəti barədə mənfi rəy yaradılır: “Şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yalan məlumatlar kimi tanınması, həmin məlumatların KİV və internet portalları vasitəsi ilə təkzib olunması, cavabdeh Sadıqov Elçin Əli oğlunun üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq 1 manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsini iddia ərizəmdə xahiş etmişəm”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR