İran səfiri: “Sanksiyaların aradan qaldırılması qarşılıqlı əlaqələrimizi gücləndirməyə şərait yaradıb”

İran səfiri: “Sanksiyaların aradan qaldırılması qarşılıqlı əlaqələrimizi gücləndirməyə şərait yaradıb”
# 10 fevral 2016 20:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Sanksiyaların götürülməsi ilə bağlı hərtərəfli Birgə Fəaliyyət planı Azərbaycanla İran arasında münasibətlərin ən yüksək səviyyəyə çatdığı bir vaxtda baş verdi.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İran İslam İnqilabının 37-ci ildönümü ilə bağlı keçirilən qəbul zamanı bəyan edib.

Onun sözlərinə görə, iki ölkənin münasibətləri iqtisadi əlaqələrin dərinləşməsinə, regional təhdidlərə, o cümlədən terrorizmə qarşı mübarizəyə yönəlib.

“Aradan götürülmüş sanksiyalar Azərbaycanla qarşılıqlı əlaqələri gücləndirmək üçün münasib şərait yaradıb. İran xalqının sülh məqsədi ilə nüvə haqqının tanınması kimi strateji istəyi öz təsdiqini tapdı və dünya tərəfindən tanındı. Nüvə proqramı ilə əlaqədar beynəlxalq aləmin tətbiq etdiyi sanksiyalar ləğv edildi və İranın dünya iqtisadiyyatında fəal iştirakı üçün zəmin yarandı", deyə səfir bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev İranla Azərbaycan arasında zəngin dostluq, çoxəsrlik qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirib: "Son illərdə bütün sahələrdə dinamik inkişaf edən əlaqələrimiz yüksək səviyyəyə qalxıb. İki ölkə arasında neft, enerji, nəqliyyat, sənaye elektrik stansiyaların tikintisi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu əlaqələr regionda sabitlik və təhlükəsizlik işinin möhkəmlənməsinə töhfə verəcək".

Xatırladaq ki, İran İslam İnqilabının 37-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən qəbulda Azərbaycanın dövlət və hökumət nümayəndələri, ölkəmizdə yaşayan iranlılar və digər şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR