Saxta pul hazırlayan Bakı və Göyçay sakinləri saxlanılıb

Saxta pul hazırlayan Bakı və Göyçay sakinləri saxlanılıb
# 27 oktyabr 2015 09:07 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Saxta yolla hazırladıqları pulu Göyçay rayonunda mağazaya təqdim edərək məhsul alan qrup üzvləri zərərsizləşdirilib. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Hacalıkənd kənd sakini, 1947-ci il təvəllüdlü Osmanov Oqtay İsmayıl oğlu Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxslər ona məxsus mağazadan müxtəlif ərzaq malları alaraq 20 manat saxta pul verib. Dərhal polis əməkdaşları tərəfindən isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay sakini olan və Bakıda yaşayan 1998-ci il təvəllüdlü Abdullazadə Abdulla Fizuli oğlu, Bakı sakinləri 1990-cı il təvəllüdlü Gözəlov Şükür Fuad oğlu və 1994-cü il təvəllüdlü Zalov Müşviq Şəmsi oğlu şübhəli şəxs qismində saxlanılıb.

Polis əməkdaşları həmin şəxslərdən birinin Bakı şəhərindəki evinə baxış keçirərkən oradan saxta pulların hazırlanması üçün printer və digər ləvazimatları da maddi sübut kimi götürüblər. Araşdırma zamanı onların üzərindən 14 ədəd saxta 20 manatlıq aşkar edilərək götürülüb. Qrup üzvlərinin Göyçayda meyvə satışı ilə məşğul olan şəxslərə də saxta pul verdikləri məlum olub. Hazırda həmin şəxslərin başqa yerlərdə bu cür əməllərinin olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR