Qazaxıstan səfiri Qafqaz Universitetində olub

Qazaxıstan səfiri Qafqaz Universitetində olub
# 11 dekabr 2015 14:14 (UTC +04:00)

Bakı – APA. Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Qafqaz Universitetində olub.

Universitetdən APA-ya verilən məlumata görə, səfirlə görüşən rektor, professor Ahmet Saniç rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti haqqında məlumat verib.

O bildirib ki, SOCAR-la birgə qurulmuş ictimai birlikdə fəaliyyət göstərən Qafqaz Universiteti dünyaya açıq bir universitetdir. Rektor qeyd edib ki, universitetin məzunları dünyanın 67 ölkəsində əmək fəaliyyəti ilə məşğul olurlar: “Bu o deməkdir ki, universitetimizin diplomunu və məzunlarımızın iş qabiliyyətini xarici ölkələr qəbul edir. Hazırda universitetimizdə dünyanın 22 ölkəsindən gəlmiş tələbələr təhsil alır. Biz hər il “Multikulturalizm və Gənclik şöləni” adı altında tədbir keçiririk. Həmin ölkələrdən olan tələbələr mətbəxlərini, adət-ənənələrini, musiqilərini nümayiş etdirir, bir sözlə ölkələrini tanıdırlar. Universitetimizin qəbul planında dövlət sifarişli yerlərin sayı artır. Bu da dövlətin universitetə olan etimadının ifadəsidir. Çalışırıq ki, bu etimadı əməli fəaliyyətimizlə doğruldaq”.

B. İsabayev isə Azərbaycanda bir neçə universitetdə olduğunu bildirib və Qafqaz Universitetinin xarici əlaqələrini təqdirəlayiq kimi qiymətləndirib: “Qazaxıstanda Ahmet Yəsəvi Universiteti var. İstəyirik ki, o universitet türk dünyasının ortaq universiteti olsun, hər bir türk dövlətindən ən azı 50 tələbə qəbul edək. Çünki eyni millət, eyni dil ailəsinə daxil olmağımız indiki dövrdə yetərli deyil. Gərək iqtisadi, mədəni, informasiya texnologiyaları və s. sahələrdə də bir olaq, bildiklərimizi bir-birimizlə paylaşaq”.

Səfir həmçinin universitetin maddi-texniki bazası və dərs prosesi ilə tanış olub . Görüşün sonunda universitet tələbələrinin çəkdiyi ebru rəsm əsəri ali qonağa hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR