"Dünya ölkələri təsnifatı" dövlət standartı təsdiqlənib

"Dünya ölkələri təsnifatı" dövlət standartı təsdiqlənib
# 03 oktyabr 2016 17:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyası AZT 050-2016 “Dünya ölkələri təsnifatı” dövlət standartını təsdiq edib.

APA-nın məlumatına görə, təsnifat BMT-nin Statistika şöbəsi tərəfindən hazırlanmış BMT ölkələrinin Standart kodlarının (Seriya M, №49) yenidən baxılmış variantı əsasında hazırlanıb.

Təsnifatda ölkə və ya regionların adları əlifba sırası ilə verilmiş, BMT-nin Statistika şöbəsi tərəfindən statistik məqsədlər üçün istifadə edilən üç işarəli rəqəm kodları, Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən verilmiş iki və üç hərfdən ibarət olan kodlar və ölkə və ya regionların adlarının qısaldılmış formaları BMT-nin Statistika şöbəsi tərəfindən istifadə edilən on iki işarəli qısaltmalar şəklində göstərilib. Bundan əlavə, coğrafi regionların tərkibi, ölkə və regionların daxil olduqları regional iqtisadi qruplaşmalar, ölkələrin müstəqillik əldə etdikləri illər, milli valyutası, beynəlxalq telefon kodları, vaxt zonası, dörd dildə adları (Azərbaycan, rus, ingilis və ölkənin öz dilində), həmçinin BMT tərəfindən 1982-ci ildə ikinci baxış variantında nəşr olunma dövründən bu günə qədər rəqəm kodlarında baş vermiş dəyişikliklər təsnifatda öz əksini tapıb.

Beləliklə, təsnifata əsasən BMT-nin Statistika şöbəsi tərəfindən 1991-ci ildə müstəqillik əldə edən Azərbaycanla əlaqədar “031 rəqəmi statistik məqsədlər üçün istifadə edilən üç işarəli rəqəm kodudur. Azərbaycan təsnifatda Qərbi Asiya regionunda, 4-cü vaxt zonasında yer alıb. AZ və AZE ölkəmizin İSO kodlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR