Prezidentin köməkçisi KİV-ə müraciət edib: "Spekulyativ söz-söhbətləri yığışdırmaq lazımdır"

Prezidentin köməkçisi KİV-ə müraciət edib: "Spekulyativ söz-söhbətləri yığışdırmaq lazımdır"
# 11 mart 2016 11:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov biznes strukturları, iş adamları və mətbuat nümayəndələrinə müraciət edib.


"APA-Economics" xəbər verir ki, N. Əmirov bu sahənin nümayəndələrini manatın məzənnəsi ilə bağlı spekulyativ xarakterli məlumatlara yol verməməyə çağırıb: "Spekulyativ söz-söhbəti yığışdırmaq lazımdır. Manatın məzənnəsi ilə bağlı heç bir iqtisadi proqnoza və yaxud təhlilə söykənməyən ardıcıl fikirlər səsləndiriləndə ölkə ictimaiyyəti, xüsusilə də vətəndaşlar çox ciddi şəkildə narahat olur. "Gələn ay manat devalvasiya olacaq" kimi dedi-qodu xarakterli informasiyalar bank sektorunu çox ağır bir duruma salır. Bunu yazanlar, danışanlar nəyə görə belə edir, mən deyə bilmirəm. Unutmayın ki, banklardakı pullar, vəsaitlər bu ölkənin insanlarının vəsaitləridir, bu insanlar da bizim vətəndaşlarımızdır. Banklara dəyən zərbə on, yüz minlərlə vətəndaşa dəyən zərbədir. Bankların sağlamlığı bizim növbəti iqtisadi addımlarımızın sağlamlığı deməkdir. Ona görə də mən hamıdan, xüsusilə mətbuat orqanlarından xahiş edirəm ki, banklarımıza, maliyyə sektorumuza dəstək verək, dedi-qodu, panika yaratmayaq. Prezident İlham Əliyev ardıcıl və qətiyyətli şəkildə iqtisadi islahatları davam etdirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR