Səhiyyə Nazirliyinin rəsmisi: "Azərbaycanda suisidlər digər ölkələrlə müqayisədə kifayət qədər azdır"

Səhiyyə Nazirliyinin rəsmisi: "Azərbaycanda suisidlər digər ölkələrlə müqayisədə kifayət qədər  azdır"
# 22 oktyabr 2015 13:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son vaxtlar adamlarda depressiyaların, təşviş pozuntularının say artıb”. Bunu APA-ya Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

O bildirib ki, aparılan araşdırmalar uşaqlarda da hiperaktivlik pozuntularının sayında artım olduğunu göstərir: “İnsanlar ürək sıxıntısından, hava çatışmazlığından şikayət edirlər".

Mərkəz rəhbəri əlavə edib ki, Azərbaycanda intiharların sayı digər ölkələrlə müqayisədə azdır: “Bu faktdır. Azərbaycanda suisidlər digər ölkələrlə müqayisədə kifayət qədər azdır. Məsələn, Rusiyada təxminən 100 min nəfərə 17-18 suisid düşür. Bizdə isə bu rəqəm 4-dən yuxarı qalxmır”.

F. İsmayılov qeyd edib ki, əksər insanlar anonim şəkildə, habelə nevropatoloqlara müraciət etdiyindən onların statistikasını əldə etməm mümkün deyil: “Biz son 1 ildə statistik məlumatların elektron bazasını yaradırıq. Güman ki, doğru-düzgün statistika yaradılacaq”.

F. İsmayılov onu da qeyd edib ki, Psixi Sağlamlıq Mərkəzi dörd istiqamətdə fəaliyyət göstərir: “İlk növbədə suisid və digər krizis vəziyyətləri üçün Təcili Psixoloji Yardım şöbəsi yaradılıb. Bu şöbədə müraciət edən şəxslərlə daha çox böhran vəziyyətinin araşdırılması, psixoloji problemlərin aradan qaldırılması məqsədilə yardım edilir. Şöbədə müxtəlif psixoterapiya xidmətləri, fərdi və qrup psixoterapiyaları aparan psixoloqlar, o cümlədən problemin tibbi aspektlərini qiymətləndirmək üçün psixiatrlar, sosial yönümlü problemlərin araşdırılması və aradan qaldırılması üçün sosial işçilər çalışır. Şöbə daxilində göstərilən digər vacib xidmət isə (566 50 61) - “İnam” telefon xəttidir. Krizis vəziyyətlərinin qarşısının alınması və böhran vəziyyətinə anında müdaxilə edə bilmək üçün ixtisaslı mütəxəssislər həmin xətdə xidmət göstərirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR