Mikayıl Cabbarov inşa yazı müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb

Mikayıl Cabbarov inşa yazı müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb
# 26 oktyabr 2015 08:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov inşa yazı müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əmrdə 2015-ci il oktyabr-dekabr ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi keçirilməsi qeyd olunub.

Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə təşkil ediləcək.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları inşa müsabiqəsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaradılacaq. Müsabiqənin rayon (şəhər) mərhələsinin qalibləri (Naxçıvan MR-dən və Bakı şəhərindən 10 (on) nəfər, Gəncə və Sumqayıt şəhərlərindən 3 (üç) nəfər, digər rayon və şəhərlərin, Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinin hər birindən 1 (bir) nəfər) haqqında məlumatı (soyadı, adı, atasının adı, təhsil aldığı məktəb, sinif) 2015-ci il noyabr ayının 20-dək Təhsil Nazirliyinə göndəriləcək.

Müsabiqənin respublika mərhələsi dekabr ayının ikinci ongünlüyündə Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, əmr Təhsil Nazirliyi və Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planının 8-ci bəndinin icrası məqsədilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR