Xidmət rəisi: "Ankara-Moskva münasibətlərinin normallaşması ixracımıza təsir etməyəcək"

Xidmət rəisi: "Ankara-Moskva münasibətlərinin normallaşması ixracımıza təsir etməyəcək"
# 30 iyun 2016 13:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artması Ankara-Moskva münasibətində olan gərginliklə bağlı deyil".

Bunu "APA-Economics"ə açıqlamasında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib.

C. Quliyevin xatırladıb ki, Azərbaycan bu il Rusiyaya pomidor ixracını 5 dəfə artırıb. "Ötən ay Rusiyaya pomidor ixracını 2,4 artırmışıq. Düşünürəm ki, ümumilikdə 2016-cı ilin sonunadək pomidor ixracı ikiqat artacaq. Ümumiyyətlə, ixracın artmasına səbəb Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi deyil, son vaxtlar idxal-ixrac əməliyyatlarının daha da şəffaflaşdırılması, bəzi bürokratik əngəllərin aradan qaldırılması və ixracın stimullaşdırılması istiqamətində atılan digər addımlardır", - deyə C. Quliyev bildirib.

Xidmət rəisi əlavə edib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı yalnız Rusiya istiqamətində artmayıb: "Məsələn, fındıq ləpəsi əsasən Avropa ölkələrinə ixrac olunur və burada artım 40%-dən çoxdur. Biz Rusiyaya pambıq ixrac etmədiyimiz halda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarısında bu məhsulun ixracında 43% artım var. Həmçinin, tütün də Rusiyaya ixrac olunmur, amma bu qəbildən olan məhsulların ixracında 28% artım var. Yem ixracımızda da ciddi artım müşahidə olunur. Belə ki, yem ixracı beşqat artıb. Biz yemi əsasən İrana, Gürcüstana, Türkiyəyə ixrac edirik. Biyan kökü də Rusiyaya ixrac olunmur və bu məhsulun ixracı 2,3 dəfə artıb. Düzdür, Ankara-Moskva münasibətlərinin gərginləşməsindən və Türkiyə məhsullarının Rusiyaya gətirilməsinə qoyulan embarqo bizim məhsulların Rusiyaya ixracının artmasında rol oynayıb, lakin bu, əsas amil deyil və yuxarıda sadaladıqlarım bunu sübut edir. Ən sevindirici hal odur ki, bu il İrana 8 min tondan artıq arpa məhsulu ixrac etmişik. Bu yaxınlarda İranın fitosanitar qurumu ilə razılaşa bilsək, Türkiyəyə və İrana yonca sortları ixrac edəcəyik. Türkiyə-Rusiya münasibətləri normallaşsa belə, şimal qonşumuza ixrac etdiyimiz məhsulların həcmi 2 dəfədən çox olacaqdı. Bizim məhsullar Rusiya bazarında öz yerini tutub".

Xidmət rəisi əlavə edib ki, ilin əvvəlindən Rusiyadan iki nümayəndə heyəti Azərbaycana səfər edib və Türkiyə məhsullarının Rusiyaya Azərbaycan məhsulu adı altında göndərilməsi ilə bağlı şübhələrə son qoyulub: "Rusiyalı həmkarlarımız bizim sertifikatlaşdırma sistemi ilə tanış oldular. Hətta bizim məhsulu Türkiyə məhsulu zənn edib onu Dağıstanda gücləndirilmiş laborator şəraitdə yoxladılar. Ancaq nə bir Türkiyə istehsalı pomidor, nə də tərkibində zərərli kimyəvi maddə aşkar edə bilmədilər. Hesab edirəm ki, bu da bizim işə məsuliyyətli yanaşmamızın nəticəsidir. Biz bilirdik ki, bir fakt aşkar olunsa ciddi problemlər yaranacaq, hətta Azərbaycandan ixrac dayandırıla bilər. Ona görə tərəfimizdən ciddi yoxlamalar, sertifikatlaşdır tədbirləri aparılırdı. Bizim ən çox pomidor ixrac etdiyimiz ölkə Rusiyadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR