Bakıda “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminar keçirilir

Bakıda “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminar keçirilir
# 30 noyabr 2015 08:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakıda “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminar keçirilir. APA-nın xəbərinə görə, beynəlxalq seminar “Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində ÜƏMT və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, seminarın təşkil olunmasında əsas məqsəd kitabxanaların, xüsusən elektron kitabxanaların xidmətlərinin, rəqəmsal formatda saxlanılan əsərlərin nüsxələrindən istifadənin müəllif hüquq sisteminə təsiri yollarını araşdırmaqdan ibarətdir.

Agentliyin sədri qeyd edib ki, kitabxana, arxiv və təhsil müəssisələrinin fəaliyyətində şəxsi, elmi, təhsil və kitabxanalararası abonement-ötürmə məqsədi ilə leqal rəqəmsal surətçıxarma, tərcümə hüququ, “yetim” əsərlərdən istifadə, texniki müdafiə vasitələri ilə münasibət kimi həlli vacib olan problemlər mövcuddur: “Ümumiyyətlə, mən kitabxanalara geniş səlahiyyətlər verilməsinin tərəfdarıyam”.

K. İmanov deyib ki, hazırda Azərbaycanda 3 mindən artıq kitabxana fəaliyyət göstərməkdədir: “Ölkədə elektron kataloqu olan kitabxanaların sayı 50-ni ötüb. Hazırkı mərhələdə Azərbaycan ədəbiyyatı virtual kitabxanasında 5 min kitab saxlanılmaqdadır və bu iş davam etdiriləcək”.

K. İmanov onu da qeyd edib ki, Müəllif Hüquqları Agentliyi son illərdə one-stops-shops formatda onlayn lisenziyalaşmanı və monitorinqi nəzərdə tutan infrastruktur layihəsinin həyata keçirilməsinə başlayıb: “Bununla yanaşı, rəqəmli şəbəkədə hüquqların idarə edilməsinə dair yeni biznes-modelin tətbiqi üçün işlərin görülməsi də Agentliyin bu sahədə həyata keçirdiyi tədbirlər sırasına daxildir”.

Qeyd edək ki, seminarda ÜƏMT-nin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə bölməsinin rəhbəri, Kolumbiya Universitetinin professoru, Kitabxana Asossiasiyaları və Müəssisələri Beynəlxalq Federasiyasını təmsil edən nümayəndələr, Türkiyə, Gürcüstan, Qazaxıstan, Belarus və Qırğızıstan da daxil olmaqla bir sıra ölkələrdən dəvət olunmuş əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər və mütəxəssislər məruzə ilə çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR