Türkiyə baş nazirinin müavini: ”Müasir dövrdə daha güclü və dinamik UNESCO-ya ehtiyac var”

Türkiyə baş nazirinin müavini: ”Müasir dövrdə daha güclü və dinamik UNESCO-ya ehtiyac var”
# 10 iyul 2016 19:36 (UTC +04:00)

İstanbul.Mayıs Əlizadə-APA. ”Müasir dövrdə daha güclü və dinamik UNESCO-ya ehtiyac var”.


APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri UNESCO Tarixi miras komitəsinin İstanbulda başlayan 40-cı sessiyasının açılışındakı çıxışında Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.Türkiyənin 3 böyük mədəniyyətin izlərini daşıyan və yaşadan bir ölkə olduğunu xatırladan baş nazirin müavini Kurtulmuş, tarixdən bu günə qədər gəlib çatmış mədəniyyət miraslarının Türkiyə tərəfindən həssaslıqla qorunduğunu vurğulayıb.


Müasir dünyadakı terrora qarşı mübarizədə mədəniyyətin ən önəmli silahlardan biri olduğuna diqqəti cəlb edən Numan Kurtulmuş deyib: ”Terrora qarşı veriləcək ən yaxşı cavablardan biri UNESCO-ya üzv olan ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın gücləndirilməsidir. Yeni dünya sistemində həmişəkindən daha güclü və daha dinamik UNESCO-ya ehtiyacımızın olduğu açıq-aşkardır. Türkiyə 16 noyabr 1945-ci ildə yaradılan UNESCO-nun 20 qurucu üzvündən biri kimi, bu təşkilatın ən önəmli sənədlərindən biri olan 1972-ci il sazişinin şərtlərini həssaslıqla yerinə yetirən ölkədir”.


Açılış toplantısında çıxış edən UNESCO baş direktoru İrina Bokova 40-cı Tarixi miras toplantısının İstanbulda terror problemi yaşandığı günlərdə keçirilməsinin böyük önəmi olduğunu deyib :”Universal dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılması ekstremizmin qabağını alacaq olan önəmli faktorlardan biridir. Eyni zamanda, davam etdirilə bilən iqtisadi inkişafın ən mühüm tərkib hissələrindən biri də tarixi mədəniyyət miraslarına sahib çıxmaqdır. Ekstremistlərin ən çox qorxduğu şey- ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir. Ona görə biz mədəniyyət sahəsindəki əlaqələrimizi dərinləşdirməyə daima çalışmalıyıq”.


Toplantıda çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı isə yeni dönəmdə UNESCO-nun funksional mexanizmlərinin gücləndirilməsinin vacibliyindən danışıb.”Təşkilatın daha çevik işləyə bilməsi üçün geniş islahatlar aparmalıyıq. UNESCO-nun qurucu sazişi daha da gücləndirilməli, orqanlar daha dinamik hala gətirilməlidir. Meydana çıxan problemlərin daha realist şəkildə həll edilməsinə çalışmalıyıq. Unutmamalıyıq ki, İŞİD, PKK və digər terror təşkilatlarının hədəfində daima tarixi mədəniyyət abidələri olur. Biz tarixi abidələrimizi terror təşkilatlarından qorumaq üçün UNESCO-ya daha geniş səlahiyyətlər verməli və təşkilat çərçivəsindəki əməkdaşlığımızı maksimum dərəcədə gücləndirməliyik. UNESCO-nun maddi sıxıntılar yaşadığı bu dönəmdə biz Fonda ödədiyimiz 1%-lik üzvlük haqqımızı 2%-ə çıxarırıq”, Türkiyə mədəniyyət və turizm naziri Nabi Avcı bildirib.


Tədbirdə çıxış edən İstanbul metropol bələdiyyə başqanı Kadir Topbaş prezident Rəcəb Tayyib Ərdoğanın İstanbul bələdiyyə başqanı olduğu dönəmdə başlatdığı mədəniyyət abidələrini bərpa və xalqa tanıtdırma işlərini uğurla davam etdirdiklərini vurğulayıb: ”Yerli özünüidarə orqanları olaraq biz tarixi mirasın mühafizəsinə çox önəm veririk.Ona görə UNESCO-nun bu toplantısı bizim də ürəyimizdən olub. İndiyə qədər olduğu kimi, bundan sonra da yerli özünüidarə orqanlarının mədəniyyət miraslarını qoruması işində bütün beynəlxalq təşkilatlarla əməkdaşlığımızı gücləndirəcəyik”


Qeyd edək ki, UNESCO-nun Tarixi mirası qoruma sazişi 1972-ci ildə imzalanıb və bununla bağlı müvafiq komitə yaradılıb. Tarixi mirası qoruma komitəsi ilk dəfə Türkiyədə sessiya keçirir. Sessiyanın işi iyulun 20-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR