“Neftçi” PFK-nın icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb - FOTO

“Neftçi” PFK-nın icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb - <span style="color: red;">FOTO
# 30 oktyabr 2015 07:25 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) icraçı direktoru Elnur Məmmədovun Ali Məktəbin futbol həvəskarı olan tələbələri ilə görüşü keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov futbolun müasir dövrdə dünya ictimaiyyətinin diqqət mərkəzində olan və insanların asudə vaxtının əsas hissəsini təşkil edən ən populyar idman növü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan prezidenti İlham Əliyev və SOCAR rəhbərliyi tərəfindən idmana, xüsusilə də futbola göstərilən qayğı nəticəsində son illərdə “Neftçi” PFK-nın fəaliyyətində böyük dönüşün göz qabağında olduğunu vurğulayıb. E. Qasımov “Neftçi” PFK-da yerli kadrlara üstünlük verilməsini yüksək qiymətləndirib. Rektor öz çıxışında uğurlu futbol oyununda azarkeş fan-klubunun böyük önəmi olduğunu vurğulayaraq, gələcəkdə BANM-in fəal “Neftçi” azarkeşlərinin “Neftçi” fan-klubuna üzv olmalarına müsbət fikir bildirib. O, BANM-in yeni kampusunda tikilən böyük idman stadionunun nəinki Ali Məktəbin futbol komandaları üçün, həmçinin Respublika futbol oyunlarının keçirilməsi üçün əlverişli olduğunu deyib. E.Qasımov Ali Məktəbin tək təhsil ocağı deyil, həm də gənclərin idman bacarıqlarının nümayişi üçün bir platforma olmasının vacibliyini vurğulayıb.

Elnur Məmmədov Ali Məktəbin gənc futbol həvəskarlarına “Neftçi” PFK-nın fəaliyyət istiqamətləri, hədəfləri, fan-klubu və dövlət tərəfindən futbola göstərilən qayğıdan söz açıb. O, “Neftçi”-nin qələbələrində böyük azarkeş dəstəyinin önəmli rol oynadığını qeyd edərək, bu kluba azarkeşlik edən tələbələri “Neftçi” fan-klubuna üzv olaraq futbol oyunlarına dəstək olmağa çağırıb.

Sonra futbol həvəskarları olan tələbələr öz təklif, sual və istəkləri ilə çıxış ediblər. Tələbələrin sualları “Neftçi” PFK-nın İcraçı direktoru tərəfindən cavablandırılaraq, onların təklifləri qeydə alınıb.

Ali Məktəbə və tələbələrə “Neftçi” klubunun simvolik hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR