"Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda tədbir keçirilib

"Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda tədbir keçirilib
# 01 fevral 2016 09:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın "Gənclərin inkişaf startegiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda iclası keçirilib.

APA-nın məlumatlna görə, tədbir 2 fevral - Gənclər Gününə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə deyib ki, şuranın əsas məqsədi gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin iştirakını təmin etməkdir. O qeyd edib ki, bir neçə gün öncə Azərbaycan prezidentinin gənclərlə görüş keçirməsi gənclərin qarşısında yeni imkanlar açıb, onların vətənpərvər ruhda olmasına böyük töhfə verib: "Biz dövlətin gənclər üzərində diqqət və qayğısını həmişə hiss etmişik və bu üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışmışıq".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ictimai şura hər zaman gənclərlə bağlı mühüm müzakirələrin təşkilində, vətəndaş cəmiyyətinin formalaşmasında və gənclər siyasətində mühüm işlər görüb. Onun sözlərinə görə, Azərbaycan gəncliyi dövlət proqramında 327 layihə dəstəklənib ki, bu da gənclərin ideyalarına verilən önəmdir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkədə uğurlu gənclər siyasətinin həyata keçirilir və 2015-ci il Azərbaycanda gənclər üçün önəmli və uğurlu il olub.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, bu il fond tərəfindən 309 gənclər təşkilatı layihəsi dəstəklənib: "Gənclər Fondunun layihələri bütün ölkəni əhatə edir. Bütün maarifləndirici istiqamətdə layihələr icra olunur və bu proses davam etdiriləcək".

Sonda fəallığı ilə seçilən gənclər təşkilatları mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR