Mətbuat nümayəndələrinin Təbabət Muzeyinə ekskursiyası təşkil olunub

Mətbuat nümayəndələrinin Təbabət Muzeyinə ekskursiyası təşkil olunub
# 19 aprel 2016 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Səhiyyə Nazirliyinin Azərbaycan Təbabəti Muzeyində mətbuat nümayəndələri üçün ekskursiya təşkil olunub. APA-nın xəbərinə görə, tədbirdə məlumat verilib ki, muzey Azərbaycanın təbabət irsini qorumaq, gələcək nəsillərə çatdırmaq məqsədilə 2 iyul 1984-cü ildə yaradılıb və 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. Muzey keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşir. Bu müalicəxanada görkəmli dövlət xadimi Nəriman Nərimanov 1914-1917-ci illərdə Həştərxan sürgününüdən sonra həkim kimi fəaliyyət göstərib.

Bildirilib ki, muzey doqquz zaldan – hücrədən ibarətdir. Muzeyin birinci zalında XII əsr Şərqin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən “Həkim elminin qanunu” əsərinin 1143-cü ilə aid əlyazmasının fotosürəti nümayiş etdirilir. Əlyazmanın əsli Azərbaycan Mili Elmlır Akademiyasının Əlyazmalar fondunda saxlanılır. Bu zalda həmçinin elmi tibbin əsasını qoyan Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur.

İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII-XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti diqqəti cəlb edir. Burada həmçinin XIX əsrdə Rusiyanın və Avropanın müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin – Abdul Xalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza Vəkilovun, ilk sanitar həkim Mustafa Şərifovun, İbrahim Rəhimovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları bu zalda nümayiş etdirilir.

Növbəti zalda AMEA-nın ilk prezidenti Mirəsədulla Mirqasımova və Azərbaycanda pediatriyanın əsasını qoymuş tibb elmləri doktoru Yevsey Gindesə ayrıca guşə həsr olunub. Zalda vəba xəstəliyinin geniş yayıldığı 1914-1917-ci illərdə indiki Kliniki Tibbi Mərkəzin yerində inşa edilmiş vəba baraklarına, xəstənin təcili yardım karetası ilə oraya hospitalizasiya edilməsinə həsr olunan maket əks olunub.

Muzeydə müharibəyə qədərki dövrdə sovet Azərbaycanında səhiyyənin təşkili, 1934-1936-cı illərdə kənd əhalisinə sanitariya xidmətini yaxşılaşdırmaq məqsədilə təşkil olunmuş “Göyçay hərəkatı”, həmin dövrdə tibb işçilərimizin infeksion xəstəliklərə qarşı mübarizəsi şəkillərdə öz əksini tapıb.

Muzeyə gələnlərə Böyük Vətən müharibəsində qələbədə Azərbaycanın əsgər, zabitləri, neftçiləri, tibb işçilərinin fəaliyyətini əks etdirən çoxlu fotoşəkil, sənəd, yaralıların sanitar qatarı ilə Bakı vağzalına gətirilməsinə aid maket-diarama təqdim edilir.

Müharibədən sonrakı təbabətə aid yeddinci zalda uzunömürlülər diyarı Azərbaycanda bu məsələ ilə məşğul olan professor Şükür Həsənovun yaratdığı Sağlamlıq Zonası haqqında məlumatlar yer alıb.

Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması naminə fəaliyyətini əks etdirən növbəti zalda onun rəhbərliyi dövründə Bakıda və digər şəhərlərdə açılmış, o dövr üçün ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuş, ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlərdən, keçmiş sovetlər birliyində və xarici ölkələrdə çox sayda yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur. Azərbaycan əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın fotoşəkilləri, çoxşaxəli elmi fəaliyyətinə dair sənədlər də bu zalda sərgilənir. Muzeyin doqquzuncu zalı prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində görülən işlərdən bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR