Bakıda Ümumdünya Stomatoloqlar Federasiyasının illik plenar sessiyası keçirilir

Bakıda Ümumdünya Stomatoloqlar Federasiyasının illik plenar sessiyası keçirilir
# 29 aprel 2016 14:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Bakıda Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası öz işinə başlayıb. APA-nın xəbərinə görə, illik plenar sessiya 29-30 aprel tarixlərində işini davam etdirəcək.

İllik plenar sessiyaya Avropanın 24 ölkəsinin stomatoloji assosiasiyalarının rəhbərləri qatılıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəsmisi Məhərrəm Əhmədov bildirib ki, Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyasının Bakıda keçirilməsi çox əlamətdar bir hadisədir: “Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra səhiyyə, eləcə də stomatologiya sahəsi daim diqqət mərkəzində olub”.

Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti, professor Rəna Əliyeva çıxışında beynəlxalq qurumlara inteqrasiyanın vacibliyini qeyd edib. R. Əliyeva bildirib ki, Azərbaycan Stomatologiya Assosiasiyası 1998-ci ildən Ümumdünya Stomatoloqlar Federasiyasının, 2003-cü ildən isə Avropa regional təşkilatının üzvüdür: “Bu təşkilatlarla uzun illik məhsuldar əməkdaşlıq və beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın əldə etdiyi uğurlar bizə Plenar sessiyanın keçirilməsi üçün Bakı şəhərini təqdim etməyə icazə verdi”.

R. Əliyeva onu da əlavə edib ki, Avropanın stomatoloji assosiasiyalarının rəhbərlərinin Azərbaycan barədə fikirləri yüksək səviyyədədir.

Sessiyada Azərbaycan Stomatologiya Assosiasiyasının vitse-prezidenti Kamran Şahbazov təqdimatla çıxış edib. Plenar sessiyada Ümumdünya Stomatoloqlar Federasiyasının prezidenti, professor Patrik Heskot və başqaları çıxış ediblər.

Sessiyada növbəti plenar sessiyanın 7 aprel 2017-ci il tarixində Cenevrə şəhərində keçirilməsi haqda qərar qəbul olunub.

Sessiya zamanı Avropa regional təşkilatının rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermə zamanı Anna Lella Avropa regional təşkilatının prezidenti seçilib. Qeyd edək ki, Avropa regional təşkilatının əvvəlki prezidenti Filipp Rusca olub.

Plenar sessiyada Avropada liberal diş təcrübəsi üzrə işçi qrupunun fəaliyyətinin nəticələri dinləniləcək, praktiki həkimlərin universitetlərlə qarşılıqlı əlaqəsi, inteqrasiya, stomatologiyada keyfiyyət, fasiləsiz tibbi təhsil, stomatoloji idarə komandası, büdcə, XXI əsrdə Avropa stomatologiyasının gündəmi, məqsəd və vəzifələri və digər məsələlər müzakirə olunacaq. Həmçinin 2016-cı ilin sentyabr ayında Poznan şəhərində keçiriləcək Ümumdünya Stomatoloqlar Federasiyasının illik konqresi zamanı təltif etmə taktikası işlənib hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR