Rövşən Budaqov: “BANM beynəlxalq səviyyəli ali təhsil müəssisəsi olaraq inkişaf etmək hədəfini seçib”

Rövşən Budaqov: “BANM beynəlxalq səviyyəli ali təhsil müəssisəsi olaraq inkişaf etmək hədəfini seçib”
# 11 yanvar 2016 08:19 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Rövşən Budaqovun müsahibəsi.

- Sizin iqtisadiyyata marağınız necə yaranıb?

- Mənim iqtisadiyyata həmişə marağım olub və Azərbaycan iqtisadiyyatının inkişafı mənim bu ixtisasa marağımın bir növ səbəbi olub. Çexiyadakı təhsilimin ilk ili hazırlıq kursu olduğundan, müvafiq ixtisası seçmək imkanımız var idi. Yəni, mən müxtəlif sahələrə aid fənləri öyrənirdim və bir il sonra öz seçdiyim ixtisas üzrə imtahan verib təhsilimi davam etdirdim. Çexiyanın iqtisadiyyat üzrə fənlərini öyrəndikdə anladım ki, bu ölkənin iqtisadiyyat sisteminin bəzi prinsipləri Azərbaycanda tətbiq olunarsa, ölkəmiz üçün faydalı ola bilər. Bu səbəbdən də, mən bu sahəyə üstünlük verdim.

- Sizin fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı təhsildən hansı üstün və mənfi cəhətləri və ya fərqləri var?

- Ən əsas fərqlərdən biri odur ki, xaricdə təhsil alarkən təcrübəyə böyük diqqət yetirilir. Əldə etdiyimiz nəzəri biliklərlə yanaşı biz praktiki biliklərə də malik oluruq. Ən əsası, təhsil kompüterləşdirilmiş sistem üzərindən qurulmuşdur. Bu tələbələrin işini daha da asanlaşdırır. Misal üçün, həmin ölkədə olmadan belə universitetin bütün onlayn resurslarından istifadə edə bilirik. Kitabxana sistemi yüksək şəkildə təşkil olunmuşdur. Tələbələrə universitet tərəfindən böyük və tanınmış məlumat bazalarına və digər onlayn resurslara geniş çıxış təqdim olunur. Beləliklə, kitablardan öyrəndiklərimizlə yanaşı, digər fərqli resurslardan əldə etdiyimiz biliklərə də malik oluruq. Orada oxuyarkən müxtəlif ölkələrin fərqli mədəniyyətləri ilə tanış olub dünyagörüşümüzü daha da zənginləşdirə bilirik. Fərqli mədəniyyətlər haqqında biliklər xüsusilə xarici iş əlaqələri qurularkən gələcək iş karyeramıza da müsbət təsirini göstərir. Bundan əlavə, uzun müddət digər bir ölkədə yaşayaraq özümüzü tamamilə fərqli və yeni həyat tərzində sınamış oluruq, çətinliklərlə üzləşirik və sərbəst şəkildə onların öhdəsindən gəlirik, beləliklə, təkmilləşirik və əvəzolunmaz həyat təcrübəsi qazanırıq. Fərqli mədəniyyətləri öyrənməklə yanaşı, bizim də Azərbaycan mədəniyyətini xaricdə təmsil etmə imkanımız yaranır.

- Çexiyada təhsil aldığınız vaxtı tələbə təşkilatındakı fəaliyyətiniz də olub...

_ 2009-2014-cu illərdə Çexiyada olduğum müddətdə Azərbaycan gənclər təşkilatının üzvü olaraq bir çox tədbirlərin təşkilində fəal iştirak etmişəm. Novruz bayramı ilə bağlı, həmçinin 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr olunmuş tədbirlərin təşkili, Azərbaycan həqiqətlərinin çatdırılması, eyni zamanda, Azərbaycanın milli-mənəvi, mədəni dəyərlərini və ənənələrini tanıtmaq, tariximizi başqa xalqların nümayəndələrinə çatdırmaq üçün yaranmış imkandan bir gənc olaraq ölkəmizin təbliğatı üçün çalışmışam.

- Bir gənc olaraq ali təhsil ocağında işləməyin məsuliyyəti nədən ibarətdir?

- Mən Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr şöbəsində çalışıram. Bu şöbənin əsas fəaliyyət istiqamətlərindən biri də ölkəmizdə neft-qaz, kimya və avtomatika sahəsində çalışan bir çox yerli və beynəlxalq şirkətlərlə tərəfdaşlıqların yaradılmasıdır. Bu tərəfdaşlıq öz növbəsində geniş əməkdaşlıq sahələri ilə yanaşı, tələbələrimiz üçün potensial təcrübə imkanlarını da əhatə edir. Daha dəqiq desək, bizim qurduğumuz əlaqələr sayəsində tələbələrimiz bu şirkətlərin təklif etdiyi təcrübə proqramlarına cəlb olunur və bu da onlara yuxarıda qeyd etdiyim zəngin praktik səriştə qazanmaq şansları yaradır. Bakı Ali Neft Məktəbi beynəlxalq səviyyəli ali təhsil müəssisəsi olaraq inkişaf etmək hədəfini seçib. Burada çalışmaqla mənim də bu istiqamətdə kifayət qədər töhfəm olacağına əminəm. Ümummilli liderimiz Heydər Əliyev hər zaman elmə, təhsilə yüksək qiymət verərək deyib: ”Təhsil millətin gələcəyidir”. Fikrimcə, biz də onun gənc davamçıları kimi bu işə tam məsuliyyətlə yanaşmalıyıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR