Nəsimi rayonunda Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

Nəsimi rayonunda Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib
# 18 iyul 2016 13:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov açıb. O bildirib ki, 141 il əvvəl böyük maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatı çətin və şərəfli yol keçib. A. Əsgərov qeyd edib ki, Azərbaycan mətbuatı milli-mənəvi dəyərlərin qorunmasında, xalqın dünyagörüşünün formalaşmasında önəmli rol oynayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, KİVDF tərəfindən media ilə bağlı bir çox mühüm işlər həyata keçirilib: “Azərbaycan Milli Mətbuatı uzun bir yol keçib. Bu gün Azərbaycan mətbuatı inkişaf edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu gün 34 media orqanına maliyyə yardımı ayırır. Milli Mətbuat Günü ilə əlaqədar də yazı müsabiqəsi keçirilib. Müsabiqəyə 160 yazı daxil olub ki, onlardan 114-ü qalib olub. Qaliblər 22 iyul Milli Mətbuat Günündə mükafatlandırılacaq”.

Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, mətbuat xalqın həyatında böyük rola malikdir. MŞ sədri deyib ki, postsovet məkanı ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunub.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan Milli Mətbuatının inkişaf tarixi haqda çıxış edib.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, bu gün dövlət və mətbuat arasında sağlam münasibətlər mövcuddur: “Mətbuatın bayramı hesab edirəm ki, hamının bayramıdır. Çünki elə bir ailə yoxdur ki, orada televiziyaya baxılmasın, sosial şəbəkələrdən istifadə olunmasın”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də Azərbaycanda mətbuata dövlət qayğısı haqda tədbir iştirakçılarına məlumat verib.

Sonda bir qrup jurnalist mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR