“TuranBank” xaric borclanmasını artırır

“TuranBank” xaric borclanmasını artırır
# 21 dekabr 2015 09:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “TuranBank” mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə “GLS Alternative Investments Mikrofinanzfonds”dan 2,2 mln. dollar həcmində vəsait cəlb edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “TuranBank” və Guevoura Fund LTD arasında mikromaliyyə portfelini genişləndimək məqsədilə Frankfurt Maliyyə Xidmətləri Məktəbinin dəstəyi ilə 3 il müddətinə 2,2 mln. dollar həcmində kredit sazişi imzalanıb.

Sazişə əsasən Guevoura Fund LTD nəzərdə tutulan öhdəliklərin və digər aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün öz səlahiyyətlərini GLS Alternative Investments şirkətinə ötürür və icraçı olaraq bu qurumu təyin edir.

Qeyd edək ki, bu saziş “TuranBank”ın Guevoura Fondu ilə imzaladığı sayca ikinci sazişdir. Ötən ilin dekabr ayında fond bankın mikromaliyyə portfelini genişləndirmək məqsədilə 3 il müddətinə 5 mln. dollar həcmində maliyyə resursu ayırıb. Fondun əsas fəaliyyət istiqaməti müştərilərə vəsaitlərin və investisiya fəaliyyətinin idarə olunması kimi maliyyə xidmətləri göstərilməsi, eləcə də mikro maliyyə layihələrinin maliyyələşdirilməsidir.

Respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan bank özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir. Bank sadalanan sahələrə güzəştli maliyyə vəsaitləri cəlb etmək üçün yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə yanaşı, beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusinessCapital/OPIC, Bank im Bistum Essen, Societte Generale, ECO Bank, Mikrofinanzfonds, Cyrano Management, Sus Bee Finance, BCP, CommerzBank və ZiraatBank ilə sıx əməkdaşlıq əlaqələri qurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR