İran səfiri Bakı Dövlət Universitetində olub

İran səfiri Bakı Dövlət Universitetində olub
# 06 sentyabr 2016 13:06 (UTC +04:00)

Bakı-APA. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin və İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində (BDU) olublar.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov BDU-da fars dili və ədəbiyyatının tədrisi, birgə elmi əməkdaşlıq, hər iki ölkə alimlərinin müəllifliyi ilə elmi jurnalın işıq üzü görməsi, İran filologiyası kafedrasında davamlı olaraq fars dili olimpiadası və bayramının keçirilməsi, kafedra müəllimlərinin İran universitetlərində təşkil olunan seminar və konfranslarda iştirakı kimi məsələləri yüksək qiymətləndirərək bütün bu işlərdə səfirlik və Mədəniyyət Mərkəzinin dəstəyini xüsusilə qeyd edib.

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin BDU-nun 95 illik yubileyində iştirakını, əməkdaşlığa dair müqavilənin imzalandığını diqqətə çatdıran rektor, ötən il adıçəkilən universitetin 80 illik yubileyinə qatıldığını və bütün bu səfərlərin əməkdaşlığın inkişafına təsirsiz ötüşmədiyini bildirib.

Möhsün Pakayin səfir kimi fəaliyyət göstərdiyi dörd il müddətində Bakı Dövlət Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdə həmçinin Təbriz Universiteti rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin BDU-ya səfərinin nəzərdə tutulduğu diqqətə çatdırılıb, universitetdə fars dili və ədəbiyyatının yeni istiqamətdə tədrisi, kadr hazırlığı, nanotexnologiya sahəsində müəllim və tələbə mübadiləsi məsələləri də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR