Azərbaycan prezidenti Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
# 10 avqust 2016 15:27 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Qəbələ regional “ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, yeni xidmətin işə başlamasını bildirən düyməni basıb.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olarkən bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.

Mərkəzdə prezident İlham Əliyev yeni layihələrlə də tanış olub. Dövlət başçısına “ASAN wifi” layihəsi, “ASAN i-LAB” innovasiya laboratoriyası, “BAŞLA” layihəsi və “ASAN VİSA” portalı barədə məlumat verilib.

Prezident İlham Əliyevə “Ready 1.0-hazır sənəd” cihazı haqqında da məlumat verilib.

Yeni layihələrdən biri də xilasetmə qolbağıdır. Suda batma zamanı istifadə edilən bu qolbaqlar GPS ilə təmin olunub, avtomatik işə düşmə xüsusiyyətinə malikdir.

“Sağlam yaşam platforması-çanta və portal” layihəsi isə vətəndaşlara qısa vaxtda 42 parametr üzrə müayinə olunmağa imkan verən bir sıra avadanlıqdan ibarət səyyar tibbi müayinə çantasıdır.

Yeni layihələr arasında “Cücələrim inkubatoru” da var. Layihənin məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsidir.

Sonra prezident İlham Əliyev Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR