Ötən ay Təhsil Nazirliyinə 27 minə yaxın müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 27 minə yaxın müraciət daxil olub
# 06 sentyabr 2017 08:13 (UTC +04:00)

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 26 728 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 20 256 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6 472 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 283 sənəd (804 ərizə, 459 məktub, 20 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (4 537 müraciət) və çərşənbə (4 397 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub.

Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1439 müraciət), bazar ertəsi (1380 müraciət) və cümə axşamı (1325 müraciət) günləri, əsasən, saat 09:00-dan 13:00-dək müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR