Türkiyəli azarkeşlər millimizin futbolçusuna hücum ediblər

Türkiyəli azarkeşlər millimizin futbolçusuna hücum ediblər
# 03 oktyabr 2017 07:48 (UTC +04:00)

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın “Bursaspor” klubunda işləri yolunda getmir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Bursada ən çox tənqid olunan futbolçu yenidən azarkeşlərlə üz-üzə gəlib.

Belə ki, Superliqanın VII turunda “Kayserispor”un qonağı olan “ağ-yaşıllar”da Pablo Martin Batalyanın xidmətindən məhrum qalan baş məşqçi Pol Le Quen bu boşluğu məhz yığmamızın üzvü ilə doldurmağa çalışıb. Kristobal Xorqera və Furkan Soyalp kimi pleymeykerləri ehtiyatda saxlayıb, Dənizə bu mövqedə şans verən fransalı mütəxəssis azarkeşlərin sərt tənqidinə məruz qalıb.

“Bursaspor”un 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmada heç nə ilə yadda qalmamağına baxmayaraq, 90 dəqiqə meydanda qalan Dəniz yenə azarkeşlərin hücumuna məruz qalıb. Komanda Bursaya dönərkən Kayseri Hava Limanında azarkeşlər zəif oyuna görə ona etiraz edib və üzərinə şığıyıblar. Lakin klub rəsmiləri araya girərək, onları sakitləşdirməyi bacarıb. Klubun fanatları Dənizi oynatmamağı üçün Pol Le Quenə də təzyiq göstəriblər.

Qeyd edək ki, Dəniz Yılmaz ötən mövsüm XXI tur çərçivəsində məhz “Kayserispor”la qarşılaşmada qırmızı vərəqə aldığı üçün komandadan uzaqlaşdırılmış və azarkeşlərin hücumuna məruz qalmışdı. Sonradan əfv edilən 29 yaşlı forvard cari mövsümdə çempionatda 4 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR