Gələn ay daha 90 dövlət əmlakı hərraca çıxarılacaq

Gələn ay daha 90 dövlət əmlakı hərraca çıxarılacaq
# 12 fevral 2018 08:44 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 mart tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bunlardan 18-i səhmdar cəmiyyət, 29-u kiçik dövlət müəssisə və obyekt, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər.

Hərracda əmlak sahibi olmaq üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir və əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Balakən, Qəbələ, Şəmkir, Goranboy və digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında İmişlidə yerləşən Yardımçı təsərrüfat, Şəmkir Balıq zavodu, Maştağa avtodəstəsi, Qusar Kərpic sexi kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 15-ə yaxını iaşə, 10-dan çoxu xidmət, 2-i sənaye, qalanları isə digər sahələrə aiddir.

Şəmkir Balıq Zavodunun ümumi faydalı sahəsi 350 kvadratmetrə yaxın, torpaq sahəsi isə 4 min 500 kvadratmetrdən çoxdur.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Abşeron rayonunda yerləşir. Özəlləşdirilməyə çıxarılan belə əmlakların sahəsi 10 kvadratmetr ilə 447 kvadratmetr arasında dəyişir.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Oğuz Kəndkimya”, “Çatal Broyler”, “Azərmetalinvest”, “Kürdəmir Kəndkimya Təchizat”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlər var.

Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” ASC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR