Dövlət naziri: “Gürcüstanda azərbaycanlıların cəmiyyətə inteqrasiyası sahəsində böyük irəliləyiş əldə olunub”

Dövlət naziri: “Gürcüstanda azərbaycanlıların cəmiyyətə inteqrasiyası sahəsində böyük irəliləyiş əldə olunub”
# 04 oktyabr 2017 10:31 (UTC +04:00)

“Son illər ərzində Gürcüstanda milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası sahəsində böyük irəliləyiş əldə olunub”.

Bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib. O bildirib ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların inteqrasiyası ilə bağlı bir sıra önəmli addımlar atılsa da, bəzi problemlər hələ də qalmaqdadır: “Bütün milli azlıq nümayəndələrinin həyatın bütün sahələrinə cəlb olunmasında bəzi problemlər mövcuddur. Problemlərin mərhələli şəkildə həll olunmasına çalışırıq. Bu, ilk növbədə dövlət dilinin yaxşı səviyyədə bilinməməsi ilə bağlıdır. Bu istiqamətdə xüsusən də gənclərin dövlət dilinə yiyələnməsi üçün çox çalışırıq”.

Yerli azərbaycanlı vətəndaşların dövlət strukturlarında təmsilçiliyinə toxunan K. Tsixelaşvili deyib ki, bunun üçün hər bir ölkədə olduğu kimi, dövlət dilini bilmək çox vacibdir: “Bizim nazirlikdə milli azlıqları təmsil edən əməkdaşlarımız var və onların 4-ü azərbaycanlıdır. Kvemo-Kartli bölgəsində də nazirliyin nümayəndəsi azərbaycanlıdır. Əlbəttə ki, milli azlıq nümayəndələrinin dövlət strukturlarında daha çox təmsil olunması üçün çox işlər görülməlidir. Hesab edirəm ki, gələcəkdə dövlət işlərində çalışacaq milli azlıqları təmsil edənlərin sayı artacaq. Bunu milli azlıqlardan olan savadlı və bilikli gənclərin yetişməsi deməyə əsas verir”.

Dövlət naziri milli azlıqları təmsil edən gənclər üçün həyata keçirilən proqramların əhəmiyyətini xüsusilə vurğulayıb: “Bu ildən milli azlıqları təmsil edən gənclər dövlət qurumlarında təcrübə proqramı keçməyə başlayıblar. Proqram çərçivəsində azərbaycanlı gənclər Gürcüstanın 20 müxtəlif dövlət qurumunda təcrübə keçiblər. Onlar üçün bu proqram gələcəkdə işlə təmin olunmaq üçün çox vacibdir”.

K. Tsixelaşvili Gürcüstanda azərbaycandilli məktəblərdə gürcü dilinin tədrisi səviyyəsinə də toxunub: “Gürcü dilinin tədrisində mövcud problemlər təhlil olunub və bu ildən başlayaraq yeni ikidilli proqramın tətbiqinə başlanıb. Məktəblərdə Azərbaycan dilində dərslərlə yanaşı, gürcü dilinin daha intensiv və effektiv tədrisi proqramı həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR