Prokuror "Neft daşları"nda briqadirin ölümünə səbəb olan şəxsə cəza istəyib

Prokuror "Neft daşları"nda briqadirin ölümünə səbəb olan şəxsə cəza istəyib
# 01 fevral 2017 13:11 (UTC +04:00)


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Kamil Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, K. Rzayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra K. Rzayevin vəkili Səbirə Hacıyeva hüquqlarını müdafiə etdiyi şəxs barəsində 70-ci maddə tətbiq olunmaqla, şərti cəza seçilməsini məhkəmədən xahiş edib.

K. Rzayev son söz üçün məhkəmədən vaxt istəyib. Buna görə proses fevralın 3-dək təxirə salınıb.

Qeyd edək ki, K. Rzayev Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Xüsusi Texnika dəstəsində 6-cı dərəcəli kran maşinisti işləyib. Ötən il iyulunda "Neft Daşları"nda estakadanın təmiri işlərini görərkən, Neft-Qaz Tikinti Trestinin 4 saylı Tikinti Quraşdırma Bölümünün briqadiri Namik Məmmədovun icazəsiz olaraq, layihə ilə müəyyən olunmamış qaydada, yəni, dayağı bir dəfəyə çıxarıb, yerinin dəyişdirilməsi barədə göstərişindən sonra o, tələbləri pozub. Nəticədə borunun tarazlığının tənzimlənməsi üçün onun alt hissəsinə bağlanılmış kəndir Namik Məmmədovun ayağına dolaşıb. N. Məmmədov kəndirlə birlikdə kranın qülləsinə çırpılıb və o, hadisə yerində ölüb.

K. Rzayevə qarşı Cinayət Məcəlləsinin 222.3 maddəsi ilə cinayət işi başlanıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR