Keçmiş arvadını öldürtməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Keçmiş arvadını öldürtməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 22 fevral 2017 08:45 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını sifarişlə qətlə yetirməkdə təqsirləndirilən Rüstəm Rzayev və tanışı Elşad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər. Məlum olub ki, Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb. Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb. Bəlli olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin boşanmaqda israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülkündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR