Prezident: "Bu il ən azı 20 min məcburi köçkün yeni evlərə köçürülməlidir” - YENİLƏNİB

Prezident: "Bu il ən azı 20 min məcburi köçkün yeni evlərə köçürülməlidir” - <span style="color: red;">YENİLƏNİB
# 11 yanvar 2018 02:01 (UTC +04:00)

“Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olub, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir”.

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlət başçısı deyib ki, bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq: “Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər”.

Prezident İlham Əliyev qeyd edib ki, Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir: “İndi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq.. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq”.

Dövlət başçısı bildirib ki, eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb: “Bu da əlamətdar hadisədir. Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənib, azad edilib və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır”.

***

17:54

“2018-ci ildə yeni mənzillərlə təmin olunacaq məcburi köçkün ailələrinin sayı ötən illə müqayisədə iki dəfə çox olacaq”.

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident bildirib ki, 2018-ci ildə ölkədə üç "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq və daha 5 mərkəzin tikintisi aparılacaq.

2018-ci ildə ölkədə makro-iqtisadi vəziyyətin sabitliyi ilə bağlı lazımi tədbirlər görüləcəyini deyən dövlət başçısı bildirib ki, qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzində olub.

Prezident 2018-ci ildə sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdiriləcəyini, yeni iş yerlərinin açılması üçün işlərin görüləcəyini deyib, özünəməşğulluq proqramının icrası məqsədi ilə müvafiq vəsaitin nəzərdə tutulduğunu bildirib.

Dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastruktur layihələrin icrası davam etdiriləcək: “Bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq. Regionlarda, paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək”.

Sənaye məhəllələrinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışının nəzərdə tutulduğunu deyən prezident İlham Əliyev bildirib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluqla bağlı müsbət nəticələr əldə olunub və bu sahələrə diqqət davam etdiriləcək.

Heyvandarlığın inkişafı, yeni kənd təsərrüfatı texnikasının alınması, zeytunçuluğun və arıçılığın inkişafı ilə bağlı əlavə tədbirlərin görüləcəyini deyən dövlət başçısı ticarət nümayəndəliklərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR