Qənirə Paşayeva Tovuzun sərhədyanı kəndlərinin ermənilər tərəfindən atəşə tutması ilə bağlı açıqlama yayıb

Qənirə Paşayeva Tovuzun sərhədyanı kəndlərinin ermənilər tərəfindən atəşə tutması ilə bağlı açıqlama yayıb
# 03 sentyabr 2015 15:00 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Qənirə Paşayeva ermənilərin Tovuz rayonunun sərhədyanı kəndlərini atəşə tutması ilə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada bildirilib ki, ermənilər mülkü insanları yenə də hədəfə alaraq insanlıqdan kənar əməllərini davam etdiriblər.

Qeyd olunub ki, Tovuz rayon sakini Tofiq Kazımov elə öz evində 2 qəlpə yarası alıb. Bir ailə evsiz qalıb. Rayon sakini Ağacanov Mayıl Rəşid oğlunun evi tamamilə yanıb: “Ermənistan silahlı qüvvələri mülkü insanları, onların evlərini hədəfə almaqla vandalizm əməllərindən əl çəkmədiyini bir daha nümayiş etdirir. Yanğınsöndürənlərə belə yanğını söndürməyə imkan verilməyib. İsmayılov Tariyel Tahir oğlunun evinə də zərər dəyib. Allahverdiyev Mübariz və Sevil xanıma məxsus həyətlərdəki ot tayaları yandırılıb, bir neçə kənd sakininin evinə zərər dəyib. Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab veriblər. Amma təəssüf ki, Ermənistan silahlı qüvvələri məhz mülkü insanlara qarşı bir çirkin, insanlıqdan kənar əməllərindən əl çəkmirlər. Ordumuz, hərbiçilərimiz düşmənə hər zaman layiqli cavab verirlər və insanlarımızı qorumaq üçün əllərindən gələni edirlər. Mülkü vətəndaşlara qarşı Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktlarına göz yuman, seyrçi yanaşan və heç bir ciddi reaksiya verməyən beynəlxalq təşkilatların Bakıdakı ofislərinə səslənərək “Niyə evi yandırılan, güllə ilə vurulan o insanlara baş çəkməyə getmirsiniz”, deyə sual edirəm. Başqa zaman insan haqlarından danışırsınız. Beynəlxalq insan hüquqları qeyri-hökumət təşkilatları da hər zaman olduğu kimi bu mövzuda sanki heç nə görmür və eşitmir. Bəs o insanların pozulan haqlarını niyə görmürsünüz? Nədən açıqlama verib ən azı Ermənistanı qınamaq belə istəmirsiniz? O insanlar sizin səmimiyyətinizə çoxdan inanmırlar artıq. O insanlar ATƏT-in Minsk qrupu, Avropa Şurası, BMT, ATƏT-i, digər beynəlxalq təşkilatları Ermənistanın bu vandalizm aktlarına artıq göz yummamağa, zərər çəkən insanların haqlarını müdafiə etməyə, belə halların yaşanmaması üçün işğalçı Ermənistana təzyiq etməyə çağırırlar. Onların səsini eşitmək sizin ilk öncə missiyanızdı. Və onlar sizi ədalətli olmağa çağırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR