Nazir: "Azərbaycanla İran bir neçə birgə müəssisə yaradacaq"

Nazir: "Azərbaycanla İran bir neçə birgə müəssisə yaradacaq"
# 26 oktyabr 2017 12:41 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda rəsmi səfərdə olan İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian ilə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud durumunu müzakirə edib.

"APA-Economics" xəbər verir ki, bunu Ş. Mustafayev görüşdən sonra bəyan edib.

Onun sözlərinə görə, iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir: "Bunun kökündə Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi durur. Xüsusilə qeyd etmək istərdim ki, son illər əlaqələrimiz sürətlə inkişaf edir. Energetika, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm sahələrində uğurlu əməkdaşlığı vurğulamaq olar. Bilirsiniz ki, İranla Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizini yaradır və bu istiqamətdə böyük işlər görülür. Artıq layihənin birinci mərhələsi başa çatdırılıb. İran İslam Respublikasının sərhədinədək dəmir yolu inşa edilib. Hazırda İran ərazisində müvafiq terminalların və logistik mərkəzlərin inşası davam etdirilir. Gələcəkdə Rəşt-Astara dəmir yolu layihəsini biz birgə həyata keçirəcəyik. Bu məsələ də həmkarımla görüşümdə müzakirə olundu".

Nazir iki ölkə arasında ticarət əlaqələrini uğurlu kimi dəyərləndirib. "2015-ci illə müqayisədə 2016-cı ildə ticarət dövriyyəmiz 70%, bu ilin 9 ayında isə 33% artıb. Bu isə yaxşı nəticədir", - deyə o vurğulayıb.

İnvestisiya qoyuluşu sahəsində Azərbaycan-İran əməkdaşlığına toxunan Ş. Mustafayev deyib ki, bu sahədə əlaqələr genişləndiriləcək: "Bilirsiniz ki, Neftçala Sənaye Məhəlləsində İranla birgə avtomobil zavodu inşa olunur. Bu ilin sonunadək zavodun birinci mərhələsi başa çatdırılacaq. Pirallahı Sənaye Parkında isə İranla birgə əczaçılıq müəssisə yaradılır. Hazırda layihələndirmə işləri aparılır, gələn il tikintisi həyata keçiriləcək. Biz kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olan birgə müəssisəsinin yaradılması üzərində işləyirik, hazırda danışıqlar aparılır. Bundan başqa, kənd təsərrüfatı sahəsində digər birgə müəssisələrin yaradılmasına üzərində də işlər gedir".

Bakıya İran-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri kimi ilk səfərini edən M. Kərbasian isə bəyan edib ki, həmkarı ilə görüşü çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.

"Gələn həftə Tehranda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü keçiriləcək. Ölkə başçıları da müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparacaqlar. İranla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün zəngin potensial var. Biz avtobus və kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olan zavodu tikintisini reallaşdırmaq niyyətindəyik. Nəqliyyat sahəsinin inkişafı, xüsusilə "Şimal-Cənub" layihəsinin reallaşdırılması üçün böyük işlər görülüb. Bu yaxınlarda Astara-Astara dəmir yolu xətti, yəni iki ölkənin dəmir yolları birləşəcək. Gələcəkdə Rəşt-Astara dəmir yolu xətinin tikintisi həyata keçiriləcək və bununla da regionun dəmir yolları birləşəcək".

Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "Azərmaş" - "İran Khodro" birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə "İran Khodro" şirkəti 25%-lik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal ediləcək. Müəssisənin ildə 2 min avtomobilin ixracı planlaşdırılır. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR