Prezident İlham Əliyev: “Azərbaycan hökuməti gələn il yeni situasiyada işləyəcək”

Prezident İlham Əliyev: “Azərbaycan hökuməti gələn il yeni situasiyada işləyəcək”
# 08 sentyabr 2015 13:22 (UTC +04:00)

Bakı - APA. “Dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq, sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin 2-3 dəfə aşağı salınması təmin edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: “Korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında “Asan xidmət”ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir, çoxlu qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi hər şey “Asan xidmət”də asan olacaq”.

Prezident İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var, insanları incidirlər: “İnsanların qarşısında əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “Asan xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “Asan xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir”.

Dövlət başçısı qeyd edib ki, gələn il hökumət yeni situasiyada işləyəcək: “Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Əlbəttə, sahibkarlığın inkişafı üçün addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR