Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
# 17 noyabr 2017 10:48 (UTC +04:00)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 17-də Ağdaş rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında təşkil edilən ağacəkmə aksiyası zamanı çıxış edən Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov bildirib ki, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ekologiyanın qorunması ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər keçirilir, indiyədək 5 milyondan çox ağac əkilib.

Qeyd olunub ki, IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

Sonra ağacəkmə aksiyasına start verilib. Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri və orta məktəblərin yuxarı sinif şagirdləri tərəfindən Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən ayrılan 2.1 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları Ağdaş rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Ağaclar əkildikdən sonra yeni meyvə bağının salındığı torpaq sahələrinin sənədləri sahiblərinə təqdim edilib. Qarabağ müharibəsi zamanı şəhid olmuş Rahis Qəribov və Ömər Cəbrayılovun ailə üzvləri və II qrup əlil Məhərrəm Əzimov bu xeyriyyə aksiyası zamanı hər birinə 400 ədəd nar ağacının əkildiyi 0.70 hektar bağ sahəsinin verilməsinə görə çox sevindiklərini bildiriblər.

IDEA İctimai Birliyin nümayəndəsi Nigar Qarayeva bildirib ki, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması noyabr ayı ərzində Lənkəran, Sabirabad, Beyləqan rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcək. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla, ümumilikdə 9000-ə yaxın meyvə ağacının əkilməsi nəzərdə tutulub. Sözügedən layihə çərçivəsində artıq 6000-dən çox meyvə ağacı əkilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına töhfə verəcək.

Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR