Sosioloq: "Bu hərəkətləri küçədə hetero insan da etsə, eyni münasibətlə üzləşəcək"

Sosioloq: "Bu hərəkətləri küçədə hetero insan da etsə, eyni münasibətlə üzləşəcək"
# 03 oktyabr 2017 15:33 (UTC +04:00)

“Son hadisələr və müşahidələr bunu deməyə əsas verir ki, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanlar yüngül həyat tərzi keçirirlərsə, küçələrdə öz xidmətlərini təklif edirlərsə, onların arasında cinsi yolla keçən xəstəlik daşıyıcılarının sayı da artır”.

Bunu APA-ya açıqlamasında sosioloq Cavid İmamoğlu deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə, aparılan araşdırmalar göstərir ki, cinsi davranış və cinsi yolla xəstəliyə yoluxmaq riski daha böyükdür: “Məsələn, Amerika və Avropada aparılan tədqiqatlar göstərib ki, homoseksual münasibəti olan, məsələn, biseksual qadın və biseksual kişilər arasında cinsi yolla keçən xəstəliklərin sayı daha çoxdur, nəinki heteroseksual həyat yaşayanlar arasında. Azərbaycanla bağlı heç bir araşdırma, məlumat bazası olmadığına görə, biz tədqiqata söykənən fikir deyə bilmirik.

Yalnız son hadisələr və müşahidələr bunu deməyə əsas verir ki, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanlar yüngül həyat tərzi keçirirlərsə, küçələrdə öz xidmətlərini göstərməklə məşğuldurlarsa, onlar arasında cinsi yolla keçən xəstəliklərə yoluxanların sayı da artır. Bu da onların həyat tərzinə bağlıdır. Küçədə yüngül həyat tərzi keçirən şəxslərlə cinsi münasibətə girənlər ehtiyatlı olmalıdırlar”.

C. İmamoğlu bildirib ki, homoseksual həyat yaşayan insanlarla maarifləndirmə işi aparılmalıdır ki, onlar xəstəliyin fərqində olsunlar. Sosioloqun fikrincə, cinsi yolla keçən xəstəliklər müalicə olunsa da, tam aradan qalxmır, hətta ölümlə də nəticələnə bilir: “Biz kimin hetero, kimin homo olduğunu bilmirik və bilmək məcburiyyətində də deyilik. Əgər insan yüngül həyat tərzi keçirirsə, partnyorlarını tez-tez dəyişirsə, risk böyükdür. Belə insanlarla reablitasiya xarakterli iş aparılmalıdır. Virus daşıyıcısıdırlarsa, bu hal aşkarlanmalı, onlara davamlı tibbi yardım, psixoloji dəstək göstərilməlidir”.

Sosioloq hüquq-mühafizə orqanları tərəfindən həyata keçirlən reydlərin bəzi xarici dairələr tərəfindən Azərbaycan cinsi azlıqların təqibi və hüquqlarının pozulması kimi qiymətləndirilməsinə də münasibət bildirib.

O qeyd edib ki, Azərbaycanda mədəni və insan müxtəlifliyinin qəbul edilməsi baxımından problem yoxdur: "Sadəcə, bizim təbliğat maşınımız zəif olduğu üçün bəzi qərb dairələrində yanlış təsəvvür yaranır. Baş verənləri təqdim edənlər yanlış fikir formalaşdırırlar ki, guya Azərbaycanda müxtəlifliyi tanımırlar, fərqli oriyentasiyaya malik şəxslərə basqı var. Məlumat doğru-dürüst verilməlidir. Avropa Şurası, Avropa İttifaqı və digər təsisatlara məlumatlar mətbuat vasitəsi ilə ingilis dilində professional şəkildə çatdırılmalıdır ki, həqiqəti hər kəs bilsin. Yerli saytlarda yazıb özümüz özümüzü inandırmaqla yox, beynəlxalq arenaya çıxan təbliğatla məşğul olmalıyıq. Polis küçədə özbaşınalığı aradan qaldırırsa, bu, qanunvericiliyə uyğun şəkildə edilir. Bu hərəkətləri hetero insan da etsə, eyni münasibətlə üzləşəcək. Qanunvericiliyə görə, küçədə yüngül həyat tərzi keçirmək qadağandır. Bizim qanunlar bunu dəstəkləmir. Biz homo insanlardan qorxmuruq. Ölkədə kifayət qədər homo insan var, onlar yaşayır və yaradırlar. Yəni hər baxımdan Azərbaycanda mədəni müxtəlifliyi, insan müxtəlifliyini tanıyırlar".

Qeyd edək ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə Başı Şəhər Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları reyd keçirib.

Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, reyd zamanı saxlanılan 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6 nəfərdə QİÇS, 6 nəfərdə HİV, 16 nəfərdə -da sifilis, 2 nəfərdə kəskin uretrit, candida albikas və trixomonias, 2 nəfərdə isə Hepatit HVC virusu aşkarlanıb.

Bəzi qərb dairələri və KİV isə bunu Azərbaycanda cinsi azlıqların guya təqib edilməsi, onların hüquqlarının pozulması kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR