IFC Azərbaycanda rəqəmsal maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaq üçün yeni layihə keçirir

IFC Azərbaycanda rəqəmsal maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaq üçün yeni layihə keçirir
# 19 sentyabr 2017 13:54 (UTC +04:00)

Dünya Bankı qrupu kiçik sahibkarların inkişafını və yeni iş yerlərinin açılmasını dəstəkləmək məqsədilə rəqəmsal maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaqla maliyyə sistemində maliyyə inklüzivliyinin genişləndirilməsi üçün Azərbaycanda yeni məsləhət xidmətləri layihəsinə start verir.


"APA-Economics" xəbər verir ki, Elektron və rəqəmsal maliyyə xidmətləri layihəsi Dünya Bankının üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçiriləcək və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdiriləcək.

Növbəti 3 il ərzində bu ölkə ərazisində müasir elektron xidmətlərin təqdim olunmasına, müştərilər tərəfindən mürəkkəb proses hesab olunan xidmətlərdən istifadənin sadələşdirilməsinə yardım edəcək.

Layihə müştərilərə mobil telefonları və internet bankçılıqdan istifadə etməklə qəbzlərin ödənilməsi, kredit ödənişləri və pul köçürmələri daxil olmaqla bir sıra əməliyyatları həyata keçirməyə yardım etmək üçün ölkənin dövlət qurumları, maliyyə institutları, ödəniş sistemləri, emal mərkəzləri, mobil şəbəkə operatorları və digər bazar iştirakçıları ilə əməkdaşlıq edəcək.

Bu cür layihənin həyata keçirilməsinə dəstək verdiyinə görə Dünya Bankına, IFC-yə təşəkkür edən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, bu layihə bugünkü günün tələblərinə cavab verən çox mühüm bir layihədir: "Layihənin icrası nəticəsində Azərbaycanda rəqəmsal iqtisadiyyatın formalaşması istiqamətində müəyyən nəticələrin alınmasına inamımızı bildiririk. Maliyyə savadlılığının artırılması, regionlarda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün tədbirlərin icrasına nail ola biləcəyik. Mərkəzi Bankın fəaliyyətində elektronlaşdırma ən mühüm prioritetlərdən birini təşkil edir. Fəaliyyətdə olduğumuz bütün dövrlərdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, bu tədbirlər hal-hazırda da davam etdirilir.

Ödəniş xidmətlərindən istifadənin təkmilləşdirilməsi universal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün əsasdır. Bu layihə bank ilə əlaqədar bir çox proseslərin sadələşdirilməsi və xüsusilə ucqar ərazilərdə olan fiziki şəxslər və sahibkarlara maliyyə xidmətlərinə çıxış əldə etmək məqsədilə yeni texnologiyaların təqdim olunmasına yardım edəcək".

Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov isə qeyd edib ki, layihənin əsas məqsədi ölkədə maliyyə inklüzivliyinin artırılmasıdır: "Hesab edirik ki, layihə maliyyə imkanlarına əlçatanlığa xidmət edəcək. Hesab edirik ki, layihə çərçivəsində rəqəmsal transformasiya yüksək səviyyəyə çatacaq".

"Xüsusilə Azərbaycanın ucqar ərazilərində fiziki şəxslər və sahibkarlar üçün ən yaxın bank filialına çatmaq üçün yüksək qiymətlər, xərclər və zaman maliyyə xidmətlərindən istifadəyə əngəl törədir. Bu layihə əsasında bizim məqsədimiz Azərbaycanın əksər əhalisinə aşağı qiymətlər ilə maliyyə xidmətlərinin təmin olunmasına şərait yaradacaq innovativ modellərin təqdim olunmasına yardım etməkdir", - deyə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR