Prokuror prorektorun otağından oğurluq edən şəxsin özünü oğurlayanlara cəza istəyib

Prokuror prorektorun otağından oğurluq edən şəxsin özünü oğurlayanlara cəza istəyib
# 27 mart 2018 13:56 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, T. Nağıyevin 12 il, Ş. Nağıyevin 10 il, A. Əliyevin isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 3-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxs - Şahmar Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyev tərəfindən 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurlanması haqqında məlumat alıb. Oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə Pərviz Quliyevə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməmək üçün Pərviz Quliyevin onlara da pul verməli olduğunu bildiriblər.

P. Quliyev isə onların bu tələbini rədd edib. 2016-cı il martın 13-də kafedən çıxarkən onlar Pərvizin qabağını kəsib, ona zor tətbiq etməklə, Altay Əliyevin idarə etdiyi avtomobilə əyləşdiriblər. Onu başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Bu yolla təqsirləndirilən şəxslər Pərviz Quliyevdən 18 min manat pul alıblar.

Xatırladaq ki, bu ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub.

Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR