Hİndistanla Azərbaycan arasında aviasiya sahəsində əməkdaşlıq müzakirə olunub

Hİndistanla Azərbaycan arasında aviasiya sahəsində əməkdaşlıq müzakirə olunub
# 02 fevral 2018 13:07 (UTC +04:00)

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Sanjay Rana bildirib ki, mülki aviasiya iki ölkənin iqtisadi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynayır. Diplomat vurğulayıb ki, Azərbaycan Hindistanın sahibkarları üçün də böyük maraq kəsb edir və bununla əlaqədar Hindistanın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Cahangir Əsgərov Azərbaycanın son illərdə mülki aviasiya sahəsində əldə etdiyi böyük uğurlardan danışaraq, 2017-ci ilin yekunlarına əsasən Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını qeyd edib. AZAL-ın donanmasında müasir hava gəmilərinin olduğunu vurğulayan Cahangir Əsgərov bildirib ki, bu il aviaşirkətin təyyarə parkına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

AZAL QSC-nin prezidenti qeyd edib ki, hazırda “Silk Way Airlines” yük aviaşirkəti 60-dan çox ölkəyə uçuşlar yerinə yetirərək Heydər Əliyev Beynəlxalq Aeroportunu yük mərkəzinə çevirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR