Yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirilib

Yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirilib
# 08 sentyabr 2015 16:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Dövlət Rus Dram Teatrında yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən əmlumata görə, toplantıda nazirliyin müvafiq şöbə və sektorlarının müdirləri, teatr-konsert müəssisələrinin rəhbərləri, direktor müavinləri, baş rejissor və bədii rəhbərləri, eləcə də teatrşünas alimlər, Teatr Xadimləri İttifaqının, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbər şəxsləri, bəzi şəhər və rayon mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak edib.

Ə. Vəliyev həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqəti barədə danışıb. Teatr-konsert müəssisələrinin fəaliyyətinə geniş nəzər salan nazir müavini böyük nailiyyətlərin olduğunu və Azərbaycan teatrının dünya teatr prosesində öz yerini tutmağa çalışdığını bildirib. O qeyd edib ki, uğurlarla yanaşı, nöqsanlar da üzə çıxır. Bu sahədə müəyyən çatışmazlıqları təhlil edən Ə. Vəliyev problemlərin həlli yollarından danışıb, konkret təklifləri irəli sürüb. O, xüsusən son vaxtlar kütləvi informasiya vasitələrində yer alan bəzi haqlı və haqsız yazılar haqqında da fikirlərini bölüşüb, yaradıcı prosesdə baş verən hər hansı problemin elə teatrın daxilində qarşılıqlı müzakirə və təhlillərlə həll oluna biləcəyini vurğulayıb.

Yeni teatr mövsümündə bu sahənin bütün təmsilçilərinə uğurlar arzulayan nazir müavini onları işlərində daha məsuliyyətli olmağa və yaradıcı prosesə töhfələr verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR