Azərbaycanın Gürcüstandakı səfiri müəllimlərlə görüş keçirib

Azərbaycanın Gürcüstandakı səfiri müəllimlərlə görüş keçirib
# 11 iyul 2017 16:39 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının bir qrup üzvü ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, müəllimlər səfiri Azərbaycan məktəblərini narahat edən ciddi problemlər və çatışmazlıqlar barədə məlumatlandırıb. Qardabani rayonundan olan müəllim Hidayət Yusubov deyib ki, Azərbaycan məktəblərində dərslik və müəllim kadrlarının ciddi çatışmazlığı mövcuddur: “Gürcüstanda 124 Azərbaycan məktəbi var. Hər il Azərbaycan dövləti bu məktəblərə 300-400 sayda dərslik göndərir. Lakin bu məktəblərdə təhsil alan şagirdlərin sayını nəzərə alsaq, dərsliklər azlıq təşkil edir”.

Kadr çatışmazlığına toxunan H. Yusubov bildiryib ki, bu məsələ ilə bağlı məktəblərdə ciddi böhran yaşanır: “Azərbaycanın ali məktəblərində Gürcüstanın azərbaycanlı vətəndaşlarının güzəştli şərtlərlə təhsil almasına şərait yaradılsa, bu problemin həllinə nail olmaq olar. Onlar sonradan Gürcüstana qayıdıb, Azərbaycan məktəblərində işlə təmin oluna bilərlər”.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva görüş iştirakçılarına Gürcüstanın Azərbaycandilli məktəblərinin Azərbaycan dövləti tərəfindən dərsliklərlə təminatı qaydalarını xatırladıb. Onun sözlərinə görə, Azərbaycan dövləti Gürcüstandakı Azərbaycan məktəblərini diqqətdən kənarda qoymur və hər il dərsliklər göndərir: “Həmin dərsliklərin çeşidi iki dövlət arasında qarşılıqlı razılaşma əsasında müəyyən olunub. Göndərilən dərsliklər jurnalistlərin iştirakı ilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim edilir, daha sonra məktəb direktorları dərslikləri nazirlikdən təhvil alır. Azərbaycanda dərsliklər hər 4 ildən bir nəşr olunsa da, Gürcüstana hər il dərslik göndərilir. Dərsliklərin sayı şagirdlərin sayı ilə bağlı statistik məlumatlar əsasında müəyyən olunur. Həmin dərsliklərdən sonrakı tədris illərində də istifadə etmək üçün onlar məktəbdə qorunub saxlanmalıdır”.

Dmanisi, Marneuli rayonları və Rustavi şəhərini təmsil edən digər müəllimlər Gürcüstanda buraxılış imtahanlarına Azərbaycan dili və ədəbiyyatı fənninin salınmaması, imtahan suallarının gürcü dilindən Azərbaycan dilinə qüsurlu tərcüməsi, kənd məktəblərində şagirdlərin sayının azalması səbəbindən siniflərin bağlanma təhlükəsi ilə üz-üzə qalması və s. problemlərdən danışıblar.

Səfir Dursun Həsənov öz növbəsində Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstanla münasibətlərə və Gürcüstan azərbaycanlılarına xüsusi diqqətindən danışıb. Səfir deyib ki, Azərbaycan məktəblərini narahat edən problemləri diqqət mərkəzində saxlayacaq, həmin məktəblərə baş çəkəcək və çatışmazlıqların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək.

Görüşün sonunda səfir D. Həsənov Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının rəhbəri Səadət Quliyevaya səfirlik adından kompüter hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR