BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd edilib
# 16 noyabr 2016 06:37 (UTC +04:00)

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multilukturalizmi kafedrasının təşkilatçılığı ilə “Tolerantlıq həyat tərzidir” adlı tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Almaniyada yaşayan dağ yəhudisi, uşaq şairi Simax Şeyda və tanınmış media nümayəndələri iştirak ediblər.

BSU-nun rektoru, professor Nurlana Əliyeva 2016-cı ilin Multikulturalizm ili elan edilməsinin ciddi dini-etnik konfliktlər yaşayan dünyamıza bir örnək olduğunu bildirib. N. Əliyeva Azərbaycanın dövlətçilik prinsiplərində multikulturalizm ənənələrinə önəm verilməsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ölkəmizdə tolerantlığın dərin tarixi köklərinin olduğunu bildirən BSU rektoru Hüseyn Cavid, Nəriman Nərimanov, Cəfər Cabbarlı kimi görkəmli sənətkarların əsərlərindən misallar gətirərək tarix boyu Azərbaycan ərazisində yaşayan azsaylı xalqlara və digər millətlərin nümayəndələrinə dərin hörmət və ehtiramla yanaşıldığını vurğulayıb.

Azərbaycan multilukturalizmi kafedrasının müdiri, dosent Ülviyyə Abbasova məruzə ilə çıxış edərək, milli – tarixi dəyərlərimizin, həm də bugünkü həyatımızın multikulturalizmə bariz nümunə olduğunu bildirib. O, dünyada qaçqın-köçkün probleminin geniş yayaıldığı bir zamanda multikulturalizmin yeganə xilas yolu olduğunu qeyd edib. Kafedra müdiri deyib ki, Avropa ölkələrinin multikultural dəyərlərdən imtina etməsinin acı nəticələri gözümüzün qabağındadır: “Yüz minlərlə insan Avropa küçələrində yiyəsiz qalıb. Belə bir zamanda Azərbaycan ərazisində yaşayan xalqların milli, dini, etnik, linqvistik fərqlərdən asılı olmayaraq, sülh və əmin-amanlıq şəraitində yaşaması dünyaya bir örnək olmalıdır”.

Komitə sədri Mübariz Qurbanlı dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin çox kəskinləşdiyi bir zamanda Azərbaycanın multikultural dəyərlərdən çıxış etməsini dövlət başçısının müdrik siyasətinin əsas göstəricilərindən biri olduğunu qeyd edib.

M.Qurbanlı son 15 ildə 2,5 milyon insanın dini-etnik zəmində baş vermiş toqquşmalarda həlak olduğunu bildirib. O, Azərbaycanın və ümumiyyətlə, türk dövlətlərinin təcrübəsində heç zaman milli, dini-etnik baxımdan qarşıdurma olmadığını vurğulayıb. M. Qurbanlı dünyanın 57 müsəlman ölkəsindən 28-in konstitusiyasında “müsəlman” sözünün qabardıldığı halda, Azərbaycan konstitusiyasında bu mənada fərqə yol verilmədiyini diqqətə çatdırıb.

Simax Şeyda və Aleksandr Ata Azərbaycanda milli-dini fərqlərin olmadığını, müsəlman məscidləri ilə yanaşı sinaqoq və kilsələrin fəaliyyət göstərməsini tolerantlığın bariz nümunəsi adlandırıb.

Müqalib Mahmudov da Azərbaycanda multikulturalzimin hüquqi bazasının olduğunu və bu sahədə hər hansı problem yaşanmadığını qeyd edib.

Tədbiri konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR