Akşener yaratdığı partiyanın başqanı seçilib

Akşener yaratdığı partiyanın başqanı seçilib
# 25 oktyabr 2017 15:17 (UTC +04:00)

Bu gün Türkiyədə yaradıldığı elan edilən "İyi Parti"nin ("Yaxşı Partiya") başqanı seçilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partiyanın 200 təsisçisinin toplantısında sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin keçmiş sədr müavini Meral Akşener partiyanın qurucu başqanı seçilib.

Təsisçilərin hamısı M. Akşenerə səs verib. Bu gün təsisçilərin toplantısında partiyanın idarəetmə orqanları da formalaşdırılacaq.

Qeyd edək ki, M. Akşener 1956-cı il təvəllüdlüdür. İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. Mərmərə Universitetində doktorluq dərəcəsi alıb. Kocaeli Universitetində inqilab tarixi bölümünün rəhbəri vəzifəsində çalışıb. 1995-ci il parlament seçkilərində Doğru Yol Partiyasından millət vəkili seçilib. 1996-cı ildə Rifah Partiyası – DYP koalisiya hökumətində daxili işlər naziri vəzifəsini tutub. Türkiyə tarixinin ilk qadın daxili işlər naziridir. 2001-ci ildə Milliyətçi Hərəkat Partiyasına (MHP) qatılıb və 2007-ci il parlament seçkilərində bu partiyadan millət vəkili seçilib. TBMM başqan vəkili olub. MHP-də fövqəladə seçki qurultayı çağırılması təşəbbüsü göstərdikdən sonra partiyadan xaric edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR