Azərbaycan Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib

Azərbaycan Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib
# 24 iyul 2015 11:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2015-ci ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, 2015-ci ilin birinci yarımilində ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub. Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror qeyd edib ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlərə nail olunub.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olub, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr, söhbətlər aparıblar.

Həmçinin qeyd olunub ki, Respublika Hərbi Prokurorluğu üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Novruz bayramı və Silahlı Qüvvələr Günü münasibətilə hərbi prokurorluq əməkdaşları rayon icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi hissələrində, həmçinin düşmənlə üzbəüz yerləşən mövqelərdə hərbi qulluqçular qarşısında çıxışlar edib, şəxsi heyətin tibbi, məişət və s. təminatları ilə maraqlanıb, hərbi hissələrə, eləcə də xidmətlərində fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr veriblər.

Xanlar Vəliyev diqqətə çatdırıb ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 12 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.

Hesabat dövründə xidməti fəaliyyətlərində fərqlənmiş 10 əməkdaş hərbi prokurorun təqdimatına əsasən baş prokurorun əmri ilə həvəsləndirilib. Hərbi prokurorun əmri ilə 3 işçi vəzifəsində irəli çəkilib, 8 işçi intizam məsuliyyətinə cəlb olunub. Hərbi Prokurorluğun 10 əməkdaşı isə müxtəlif medallarla təltif edilib.

Kollegiyada çıxış edən respublika hərbi prokurorunun müavinləri Şəfahət İmranov, Rasim Kazımov, Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Aydın Ələsgərov, Tərtər hərbi prokuroru Fuad Məmmədov, Füzuli hərbi prokuroru Natiq Həsənov hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasında, həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilib.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq bildirib ki, hərbi prokurorluq orqanları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR