Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib

Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib
# 07 mart 2018 08:20 (UTC +04:00)

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda Ə. Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə təltif olunub.

Mükafatı həmyerlimizə Moskva vilayəti qubernatorunun müavini Natalya Virtuozova təqdim edib.

Tədbirdə Domodedovo şəhər dairəsinin başçısı Aleksandr Dvoynıx, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov, “Yedinaya Rossiya” Partiyasının Moskva vilayətindəki nümayəndəsi Dmitri Qorodetski iştirak ediblər.

Belə bir mükafata layiq görülməsini əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Ə. Rəhimov Moskva vilayətində böyük Azərbaycan diasporunun fəaliyyət göstərdiyini söyləyib: "Azərbaycanlılar vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər. Biz, Moskva vilayətində məktəb və uşaq bağçalarının, yaşayış və inzibati binaların inşasında fəal iştirak edirik. Fəxr edirəm ki, Rusiyada öz xalqımı layiqincə təmsil edirəm”.

Qeyd edək ki, Ə. Rəhimov Rusiyada fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamlarından biridir. Rusiyanın Əməkdar İnşaatçısı olan həmyerlimiz uzun illərdir Moskva vilayətinin Domodedovo şəhərinin ictimai-siyasi həyatında yaxından iştirak edir. Ə. Rəhimov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı və "Şöhrət" ordeni, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR