Şuşa Şəhər Kitabxanasının 120 illiyinə həsr edilən tədbir keçirilib

Şuşa Şəhər Kitabxanasının 120 illiyinə həsr edilən tədbir keçirilib
# 27 fevral 2017 13:16 (UTC +04:00)

Milli Kitabxanada Şuşa Şəhər Kitabxanasının yaranmasının 120 illiyinə həsr edilən tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə dair foto və kitab sərgisi ilə tanış olublar.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanda kitabxanaların yaranması ilə bağlı məlumat verdikdən sonra tədbir iştirakçıları Şuşa şəhərinin tarixini və mədəniyyətini özündə əks etdirən video-çarxı izləyiblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Şuşa şəhəri Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla bərabər, həm də mədəni qüdrətini yaşadan torpaqdır. Şuşa şəhəri hazırda ermənilərin işğalı altında olsa da, onun mənəvi və mədəni dəyərləri yaşayır, unudulmur: “Şuşa Azərbaycan tarixinin ləyaqətli və şərəfli bir səhifəsidir. Qarabağın tarixi və mədəniyyəti Azərbaycan xalqının yaddaşından silinməyəcək. Şuşa Şəhər Kitabxanasının 120 illiyinin qeyd edilməsi sübut edir ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ hər zaman öz tarixi mədəniyyəti ilə öndə olub. Bədnam ermənilərin məkrli siyasəti nəticəsində Şuşa Şəhər Kitabxanasının fondu dağıdılaraq 150 min nüsxədən artıq mənbə məhv edilib. Bu rəqəm sadəcə bir kitabxanaya vurulan zərbə kimi yox, ümumilikdə Azərbaycan tarixinə qarşı törədilən zorakılıq və tariximizin mənimsənilməsi yolunda atılan addım kimi qiymətləndirilməlidir”.

Nazir Şuşa Şəhər Kitabxanasının 120 illiyi münasibətilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) bir sıra əməkdaşlarını nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlarla təltif edib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin üzvü Elman Məmmədov və başqaları çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanda ilk kütləvi kitabxana 1894-cü ildə Nəriman Nərimanov tərəfindən yaradılandan sonra ikinci belə böyük kitabxana məhz Şuşada yaradılıb. Şuşada ilk qiraətxana Pənah xan tərəfindən yaradılmış, Mir Mövsüm Nəvvab tərəfindən ilk daş basma üsulu ilə kitab çapı da məhz Şuşada həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR