QAT: Dilqəm Əsgərov və Şahbaz Quliyev işgəncə və qeyri-insani rəftara məruz qalır

QAT: Dilqəm Əsgərov və Şahbaz Quliyev işgəncə və qeyri-insani rəftara məruz qalır
# 23 noyabr 2016 08:54 (UTC +04:00)

Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, Müdafiə Komitəsinin tərkibi genişlənib. O deyib ki, ABŞ, Fransa, İngiltərə və digər Qərb ölkələrinin ölkədəki səfirlikləri tədbir haqda məlumatlandırılıb, lakin onlar tədbirə qatılmayıb.

İclas iştirakçıları adından Azərbaycan prezidentinə, BMT-nin insan hüquqları üzrə ali komissarına və Rusiyanın Azərbaycandakı səfirinə müraciət qəbul olunub. Müraciətdə bildirilir ki, D. Əsgərov və Ş. Quliyev qənaətbəxş şəraitdə saxlanılmır, onlar işgəncə və qeyri-insani rəftara məruz qalırlar: “Dünyanın ən totalitar, diktatura rejimlərində belə məhbuslar vəkillə təmin olunduğu halda, “DQR” deyilən cinayətkar rejim girovların real hüquqi müdafiəsini təmin etməyib, onları tibbi xidmətdən belə məhrum edib. Bu faktlar onu göstərir ki, Dilqəm və Şahbaza qarşı beynəlxalq insan hüquqları normaları pozulub və pozulmaqda davam edir”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR