Media və Yayım Şurası son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayıldığını açıqlayıb.
Açıqlamada bildirilir ki, mövcud qanunvericilik aktları nəzərə alınmadan təqdim edilən bu cür yanaşma ictimai rəyi çaşdıran manipulyasiya nümunəsidir.
Media və Yayım Şurasının açıqlamasında bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda həmin vəzifəni tutduqları müddətdə onların peşəkar dini fəaliyyətinin dayandırılması qanunvericilikdə artıq təsbit olunmuşdu. Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də məhz qüvvədə olan bu hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir: “Qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır”.
Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, qanunvericilik normalarını əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli şəkildə təhlil etməyə və ictimaiyyətə yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə çağırıb.
Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov APA-ya açıqlamasında bildirib ki, burada söhbət din xadimlərinin dövlət qulluğu vəzifəsini tuta bilməməsindən gedir: “Dövlət Qulluğu Məcəlləsinə görə, din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməzlər. Əgər şəxs din xadimdirsə, bu onun dövlət qulluğuna qəbul edilməsinə maneə yaradan əsasdır. Amma biz burada bu məsələləri bir-biri ilə qarışdırmamalıyıq.
Din xadimi və dini təhsil anlayışlarını fərqləndirmək lazımdır. Din xadimi anlayışı “Dini etiqad azadlığı haqqında” Qanunda mövcuddur. Həmin Qanunun 4-1.2-ci maddəsində yazılır ki, din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan, ali və orta ixtisas dini təhsilli şəxsdir.
Bəs peşəkar dini fəaliyyət nədir? Bu anlayış da həmin Qanunda əksini tapıb. Peşəkar dini fəaliyyət dini tərbiyə və dini təhsillə, dindarların dini tələbatının ödənilməsi ilə, dinlərin yayılması ilə, dini ayinlərin icrası ilə, məscidlərdə xütbələrin oxunması ilə, dini qurumların inzibati və təşkilati idarə edilməsi ilə bağlı fəaliyyətdir. Bu dini fəaliyyətə diqqət yetirək.
Amma əsas məsələyə qayıdım. Biz başa düşürük ki, din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan, ali və orta ixtisas dini təhsilli şəxsdir. Yəni, onun əsas fəaliyyəti dini fəaliyyətdir. Amma şəxs dini təhsil ala bilər. Bu, orta ixtisas və ya ali dini təhsil ola bilər. Lakin həmin şəxs dini fəaliyyətlə məşğul olmaya da bilər.
Yəni, dini fəaliyyətlə məşğul deyilsə, deməli, bu şəxs din xadimi deyil. Bu halda həmin şəxslərə münasibətdə hər hansı məhdudiyyət nəzərdə tutulmur. Burada əsas məsələ şəxsin dini təhsil alması deyil, din xadimi olması, yəni dini fəaliyyətlə məşğul olmasıdır.
Ona görə də burada yanlış istiqamətə yönəltmək lazım deyil. Dövlət Qulluğu Məcəlləsində nəzərdə tutulan məhdudiyyət din xadimi olan şəxslərin dövlət qulluğuna qəbul edilməməsi ilə bağlıdır. Bu, təbiidir. Konstitusiyamızda da qeyd olunub ki, Azərbaycan Respublikası dünyəvi dövlətdir.
Bu müddəa Konstitusiyanın 7-ci maddəsində əks olunub. Ona görə hesab edirəm ki, bu məsələ dəqiq və tənzimlənmiş şəkildə izah edilməli, hər hansı sual doğurmamalıdır”.
Azərbaycan İlahiyyat İnstitutunun sabiq rektoru, deputat Ceyhun Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, ümumiyyətlə, bu tələb, bu norma bütün beynəlxalq hüquq sənədlərində öz əksini tapıb: “Yəni, bu, yeni məsələ deyil, həmişə mövcud olub, beynəlxalq qanunvericilikdə də əksini tapıb.
Burada söhbət din xadimlərinin vəzifə tutmasından gedir. Yəni, din xadimləri dünyanın heç bir yerində dövlət vəzifəsi tuta bilməzlər. Söhbət din xadimlərindən gedir. Amma bura ilahiyyat təhsilini bitirənlər daxil deyil.
Təəssüf ki, bu gün bəzən bu fikirlər, bu anlayışlar qarışdırılır, qarşı-qarşıya qoyulur. İlahiyyat da elmin bir sahəsidir, dünyada qəbul edilmiş bir sahədir. Burada söhbət sırf din xadimlərinin dövlət qulluğunda fəaliyyət göstərməsindən gedir, yalnız din xadimlərindən... İlahiyyat təhsili alan gənclər isə heç bir problem olmadan dövlət qulluğunda işləyə bilərlər və bu gün də belədir. Başqa sözlə, ilahiyyat təhsili olan şəxslər bu məhdudiyyətə daxil deyillər.
Bu gün bizim İlahiyyat İnstitutumuz fəaliyyət göstərir, hər il oradan çoxlu kadr məzun olur. Bu kadrlar müxtəlif vəzifələrdə və müxtəlif sahələrdə çalışırlar. Bu, çox normal və düzgün yanaşmadır. Çünki cənab Prezidentin sərəncamı ilə İlahiyyat İnstitutunun yaradılmasının əsas məqsədi də dövlətimiz üçün kadrlar yetişdirməkdir.
Bu kadrlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və ayrı-ayrı dövlət qurumlarında rahatlıqla işləyə bilərlər. Çünki onların təhsili ilahiyyat təhsilidir. Onlar din xadimi deyillər və din xadimi hesab olunmurlar.
Ona görə də bu anlayışların qarışdırılmasına ehtiyac yoxdur. Bunlar ayrı-ayrı anlayışlar və ayrı-ayrı məsələlərdir. Dövlət qulluqçuları ilə bağlı məsələdə də bu məqamı nəzərə almaq lazımdır.
Bir daha vurğulayıram ki, söhbət yalnız din xadimlərinin dövlət qulluğunda çalışmasından gedir - yalnız və yalnız din xadimlərindən. Burada ilahiyyat təhsili alan şəxslərdən söhbət getmir. İlahiyyat təhsili alan insanlar istənilən dövlət qurumunda çalışa bilərlər”.